Dərc edilib: 12-02-2018

https://www.nuh.az/14911-.html

Zahid Oruc prezidentliyə namizədliyini irəli sürdü

12.02.2018 13:14:17

Cəmiyyət
Milli Məclisin deputatı Zahid Oruc aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürüb.

Bu barədə “Ölkə.Az”-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. 

“Prezidentliyə namizədliyini irəli sürənlər sırasında növbəti iddiaçı millət vəkili Zahid Orucdur. O, təşəbbüs qrupu tərəfindən müstəqil qaydada seçkilərə qatılcağını bildirib”,- deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı Z.Oruc “Ölkə.Az”-a açıqlamasında prezidentliyə namizədliyini müstəqil şəkildə irəli sürdüyünü deyib:

“Mən sadə bir ailənin övladıyam. Heç bir partiyanın üzvü deyiləm. Ölkəmizdə milyonlara insan partiyalı vəsiqə daşımır. Əgər zəhmətkeş bir ailənin təmsilçisi prezidentliyə namizəd ola bilirsə, deməli, Ulu öndər Heydər Əliyevin qurduğu ölkədə xəyallar gerçəkləşir. Mənə görə ən böyük sərvət insanların arzusudur. Vaxtilə böyük ideallarla yaşayan sadə amerikalılar kimi bizim də arzularımız var. Baxın, ölkəmizdə müstəqllik illərində doğulan nəslin artıq 27 yaşı var və onlar artıq yetkinləşir, həyatda öz uğurlu yerlərini tutmağa çalışırlar”. 

Z.Oruc prezident seçkiləri ilə bağlı əsas planlarını da açıqlayıb:

“Prezident seçkilərində bizim əsas hədəf qrupumuz onlar olacaq. Seçkilərin nəticələri birinci növbədə xalqa lazımdır. Biz ölkəmizin gələcəyinə inananların birliyinə nail olmalıyıq. Digər addımlarımız haqda mətbuata və ictimaiyyətə mütəmadi məlumatlar veriləcək”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib