Dərc edilib: 21-02-2018

https://www.nuh.az/15051-.html

Yeni Orfoqrafiya, yoxsa Azərbaycan dilinə qəsd...?

21.02.2018 12:58:24

Mədəniyyət

Azərbayan dilinin yeni orfoqrafiya lüğətinin layihəsi ətrafında müzakirələr davam edir.

Ancaq təəsüflər olsun ki, layihə müəllifləri burada ana dilimizə ciddi  xələl gətirən, onun ədəbi dil qaydalarını alt-üst edən nöqsanları görmək, anlamaq  və düzəltmək əvəzinə, iki ayaqlarını bir başmağa dirəyirlər ki, qatıq qaradır.  
Professor Sayalı Sadıqova “Respublika” qəzetinin 11 fevral 2018-ci il tarixli sayında “Azərbaycan dilinin orfaqrafiya lüğəti təkmilləşdirilməlidir” adlı yazısında həmin lüğətin qaydalarını hazırlayan müəlliflərdən biri kimi onların elmi-nəzəri bazaya əsaslandığını iddia edir. Ancaq hörmətli professorun gətirdiyi dəlillər çox zəif və  ziddiyətlidir, layihəyə olan haqlı irad və tənqidi rədd etməyə çalışır. 

Birincisi, müəllif Dövlət dili haqqında 30 sentyabr 2002-ci il qanunuun 13-cü maddəsinə görə Orfoqrafiya lüğətinin 5 ildə bir dəfədən az olmayaraq nəşrindən danışır ki, bu təbii haldır. Bütün ölkələrdə bu cür lüğətlər yeni sözlər, terminlər və əlavələrlə neçə ildən bir təkrar nəşr olunur. Məsələn Rusiyada 1956-cı ildə nəşr olunan lüğət artıq 27-ci dəfədir ki, yenidən işıq üzü görür. Ancaq bunu hay-küylə yeni orfoqrafiya lüğəti adlandırmırlar. Lüğətin təkmilləşdirilməsi isə onda olan qüsurların aradan qaldırılması deməkdir, ancaq layihədə onun yeni qüsurlarla  ictimaiyyəti çaşbaş salacağı gözlənilir.

İkincisi, müəllif 2013-cü ildə nəşr olunan lüğətdə 36 qayda olduğu halda, 2018-ci ildə nəşr olunacaq lüğtdə 69 qaydanın olduğunu önə çəkməklə bu rəqəmi inkişaf kimi qələmə verməyə çalışır; Rusiyada dəfələrlə nəşr olunan Orfoqrafiya lüğtində cəmi 38 paraqraf var və 50 ildən çoxdur ki, bu qaydalar dəyişmir. Say çoxluğu heç də məzmun zənginliyinə və keyfiyyətə dəlalət etmir.  Eyni zamanda hər bir ciddi dilçi və filoloq yaxşı bilir ki,  dilin yazı qaydalarını beş ildən bir dəyişməklə bunu inkişaf və yenilik  kimi ictimaiyyətə təqdim etmək nəticə etibarilə qaydasızlığa və hərc-mərcliyə gətirib çıxaracaq.

Üçüncüsü, müəllif  yazır ki, “cəmiyyətdə, ictimai-siyasi həyatda baş vermiş dəyişiklər, elmi-texniki tərəqqinin inkişafı dilin lüğət tərkibinin zənginləşməsinə səbəb olur. Dildə işləkliyini itirən və inkişafla bağlı yeni yaranan sözlər lüğətin zaman-zaman yeniləşməsini tələb edir... Lakin yeniliklər heç də həmişə asanlıqla qəbul olunmur və birmənalı qarşılanmır”.
Söhbət cəmiyyətdə baş vermiş dəyişiklər və elmi-texniki tərəqqi ilə bağlı dilin lüğət tərkibinin zənginləşməsindən gedirsə, buna isə heç kəs etiraz etmir. Türklər demişkən, “lafı dəyişdirmək” lazım deyli, etiraz yenilik adı altında əsrlər boyu dilin ruhuna və ahənginə uyğunlaşaraq işlənən sözlərin yazılışının təhrif edilməsinədir!
Yeri gəlmişkən, dilçi alimin yuxarıdakı cümlədə işlətdiyi “elmi-texniki tərəqqinin inkişafı” ifadəsi məna və üslub cəhətdən xətalıdır; tərəqqi elə inkişaf deməkdir, bəs tərəqqinin inkişafı nə deməkdir?. 
Professor sonra əlavə edir ki, dəyişiklər 69 maddədən yalnız bir hissəsinə aiddir. Bəli. Etirazlar da elə həmin yersiz və məntiqsiz dəyişikliyə görədir.
Sayalı xanım daha sonra qeyd edir ki, “xeyirxah niyyətlə müzakirəyə çıxarılan bu layihəyə yeni təkliflər vermək əvəzinə ciddi tənqidlər təəssüf doğurur...”. Sual olunur: əgər layihə müzakirəyə çıxarılmışsa, niyə ciddi təklif və tənqidlərdən qorxursunuz? 
Hörmətli Sayalı xanım dialektik materializmin əksliklərin vəhdəti kateqoriyasının əhəmiyyətini qiymətləndirmir. 
Axı tənqidin özü də elmin, cəmiyyətin və dövlətin tərəqqisinə xidmət edir.  

Dördüncüsü, professor sonra öz fikrini əsaslandırmaq üçün İ.Həbibbəylidən misal gətirir: “Biz on ildən çox dildə müşahidə olunan hadisəni yazıda ifadə etmək istəyirik... Dəyikşikliyi etməkdə əsas məqsəd alınma sözlərin tələffüz və yazılış qaydasına uyğunlaşdırılmasıdır”. Əgər son on ildən çox dildə baş verən hadisəni yazıda ifadə etmək lazımdırsa,  elmi-texnoloji inkişafla bağlı yeni  sözləri lüğətə əlavə etmək gərəkdir, daha dildə yüzillər boyu təsbitləşən normal yazı qaydalarını pozmağa nə ehtiyac vardır?  

Beşincisi, müəllif  yeni qaydaların 22-ci maddəsinə əsasən bir yandan “əsgər, əsginas, İsgəndər, işgəncə” kimi sözlərin yazılışında mənbə dili əsas götürərək  onları “əskər, İskəndər, əskinas, işkəncə” kimi yazmağı doğru hesab edirsə, bunun ardınca özü-özünü dərhal inkar edərək  deyir ki,  “mənbə dildə bu söz belə yazılır” prinsipi özünü doğrultmur. Bu da bir qaydasızlıq...

Altıncısı, müəllifin -iyyət,- iyyat şəkilçisi bağlı iddiaları elmi cəhətdən tam yanlışdır. Bir sıra sözlərin dildə işlək haldan çıxması, onların sinonimlə əvəzlənməsi, heç də həmin növdən olan sözlərin təhrifinə əsas ola bilməz. Bu hansı dil məntiqi ilə uyğundur? Başqa yandan, Sayalı xanım, ərəb və fars dillərindən tam xəbərsizdir; “azad” sözü fars mənşəlidir, ərəbə dəxli yoxdur, bəs azadiyyat haradan gəldi? Ruhaniyət ruhanilik mənası bildirmir, ruhlar aləminə xas olan dəyərlərdir, bədiyyat isə bədiilik mənası bildirmir,  Şərq bəlağət elmində  poetik qəliblər deməkdir. Müəllif  “ixtiyar” sözünü “səlahiyyət” sözünün sinonimi kimi verir, ancaq hər iki sözün ərəb mənşəli olduğunu unudur, üstəlik “ixtiyar” sözü seçim mənası bildirir və səlaiyyət sözünün məna tutumunu ifadə edə bilmir. Yunus İmrə demişkən:

Ya bildiyindən danış, 
Ya bir biləndən yapış!

Sonra müəllif  ziddiyyət, xasiyyət, əhəmiyyət, əziyyət və bu kimi sözlərin xalq danışıq dilində bir “y” ilə tələffüz edildiyini bəhanə gətirərək elə bu cür də yazılmasını təklif edir. Deməli, Sayalı xanım ədəbi dil qaydalarından ibarət orfoqrafiya ilə orfoepiyanı, danışıq ləhcəsi ilə ədəbi dil normalarını ayırd edə bilmir. Ədəbi dil məhz qələm sahiblərinin yaratdığı ədəbi nümunələr əsasında təşəkkül tapır və bu sadə həqiqəti bilmək üçün dilçi olmağa ehiyac yoxdur. Ancaq dilçi professor bunu bir kənara qoyaraq kütlənin danışığını meyar götürür.  Əgər yazı qaydaları danışıq dili və ləhcəyə əsaslanırsa  vay bu ədəbi dilin halına. Belə olduğu təqdirdə Azərbaycan dili əsrlər boyu qazandığı ədəbi normaları bir kənara qoyaraq ayrı-ayrı bölgələrə xas loru ləhcələrinin səliqəsiz anbarına çeviriləcək. Azərbaycan dilinin pəltək və yamaqlı orfoqrafiyası bizlərə bunu vəd edir. 
Bu yerdə Qulu Məhərrəmli 37-ci maddədən bəhs edərkən keçən əsrin 37-ci illərinin havası gəldiyini deməkdə tam haqlıdır. Ancaq, deyəsən 37-dən də betər vəziyyətlə üzləşmişik.  

Yeddincisi, bu cür elmdən, məntiqdən uzaq qaydasız yamaqlarla Azərbaycan dilində beş ildən bir dəyişiklik edilərsə, dilimiz Heminqueyin “Qoca və dəniz” hekayəsində tora düşən balığın taleyini yaşamağa məhkum olunacaq; qoca toru sahilə çıxarana kimi, digər balıqlar onu didib parçalayır və sahilə yalnız sür-sümük kimi gəlib çıxır. 
Yazıq Azərbaycan dili! Gör kimlərin əlinə düşüb...   

Sonda iki məqamı yada salmaq istərdik:

 1. Qulu Məhərrəmli, Ana dilimizdə 37 havası… (Moderator, 29/01/2018)

Bilirik ki, bu rəqəm ictimai şüur və psixologiyada xalqın milli-mənəvi dəyərlərinə və mədəni köklərinə edilən qəsd və qətli-am kimi həkk olunub.  Bu işlərin arxasında isə yadlar dayanıb. Buna etiraz da yoxdur. Bəs müstəqillik dövründə “yenilik” adı altında doğma dilimizə elmdən, məntiqdən və dilin təbii inkişaf qanunlarından uzaq, təkəbbürlə və amiranə şəkildə edilən mənasız, yöndəmsiz yamaq və tədrici qəsdə görə yenəmi yadları günahkar hesab edəcəyik? 

 Burada belə bir lətifə yada düşür:

“Bir müsəlman futbol komandası Argentina ilə qarşılaşır. Müsəlman komandasının məşqçisi oyunçulara ciddi tapşırıq verir ki, Maradonaya qol vurmağa fürsət verməyin. Oyun başlayır, on beş dəqiqə keçməmiş müsəlman komandasından Qəzənfər adlı oyunçu öz qapısına qol vurur, on dəqiqə sonra  daha bir qol vurur. Məşqçi həyəcanla meydançaya girərək oyunçulara qışqırır ki, Maradonanı buraxın, Qəzənfəri saxlayın!...”. 

 İndi sual olunur: Görəsən orfoqrafiya oyununda Qəzənfəri durdura bilən olacaqmı!?...

2. Azərbaycan Pedaqoji Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Sərdar Zeynal yazır (Medarator, 18/01/2018):

 Uşaq vaxt oxumuşdum ki, Fransada kimsə tarixdə qalıb əbədi yaşamaq fikrinə düşür. Bunun üçün başqa bir yol tapmayıb Paris Notrdam kilsəsini partladaraq tarix yazır. Elə bilirəm ki, orfoqrafiya lüğətimizdə aparılan bu “yenidənqurma” Paris Notrdam kilsəsini partlatmağın yeni variantıdır. Ətrafdakıların diqqətini çəkmək üçün ortaya sanballı, dilimizə, dilçiliyimizə şərəf gətirən iş qoymaq lazımdır.

Buna aid digər lətifə belə səslənir:

Səxavətdə məşhur olan Hatəmin fərsiz qardaşı adının tarixə salınması həvəsinə düşür, çox düşünür, ancaq ağlına məntiqli bir fikir gəlmir, gedib Zəmzəm çeşməsinin başını murdarlayır… 

 Hucurat: 13

- Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. 

 Bu məqalə əhli-xəbərin rəyi əsasında hazırlanmışdır.

 Moderator.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib