Dərc edilib: 25-02-2018

https://www.nuh.az/15103-.html

Vatikan "cin çıxarma" kursları acir !

25.02.2018 15:22:05

Maraqlı

İtaliyada son illərdə "cin çıxarma" üçün müraciət edənlərin sayı 3 dəfə artıb.
Qaynarinfo xarici KİV-ə istinadən verir ki, Vatikan bu tələbləri qarşılamaq üçün "cin çıxarma" sahəsində mütəxəssis hazırlama kursları keçirməyə başlayıb. Bu günlərdə Siciliyanın paytaxtı Palermoda belə kurslar təşkil edilir. Aprel ayından etibarən isə Romada dünyanın müxtəlif yerlərindən nümayəndələrin iştirakı ilə beynəlxalq miqyasda kursların təşkilinə başlanılacağı bildirilir.
"Cin çıxarma" üzrə mütəxəssis Beniqno Pallila 21-24 fevral tarixlərində Palermoda baş tutan kurs barədə məlumat verib. O, kursda satanizmlə əlaqəli təriqətlərdən tutmuş şeytandan qurtulmağa müvəffəq olan şəxslərin hekayələrinə qədər ən təsirli məsələlərə toxunduqlarını söyləyib.
Romada aprel ayında keçiriləcək beynəlxalq səviyyəli "cin çıxarma" kursları barədə danışan rahib Cesare Truqui gənc rahiblərin bu işi öyrənməyə çox da istəkli olmadıqlarını, bu səbəbdən mütəxəssis azlığından əziyyət çəkdiklərini bildirib.
Vatikanın yaydığı məlumatda bildirilir ki, son illərdə müraciətlərin sayı dəfələrlə artıb, lakin bunların hamısı şeytanla əlaqəli deyil. Bəziləri psixoloji narahatlıqlardan qaynaqlanır. Amma bu fenomenin güclü şəkildə yüksəlişdə olduğu danılmazdır.
Beniqno Pallila müraciətlərin sayının artmasına təsir edən amilləri sadalayıb: "Son illər caduya, falçılara və bu kimi işlərə yönələn şəxslərin sayı artıb. Bunları etmək iblisə və ruhun ələ keçirilməsinə qapıları açmaq deməkdir".
Məlumatda bildirilir ki, katolik kilsəsi tərəfindən tanınan bir "cin çıxarma" mütəxəssisi olmaq üçün şəxsin rahib olması əsas şərtdir. Rahiblər də yalnız yepiskop tərəfindən verilən xüsusi lisenziyanı aldıqdan sonra bu ayini icra edə bilərlər. Mütəxəssislərin xüsusi təlim alması və bu sahədə staj keçməsi vacibdir.
Vatikan tərəfindən 2014-cü ildə qeydiyyata alınan Beynəlxalq Şeytan Çıxaranlar Dərnəyinin məlumatlarına görə hazırda dünyada Katolik Kilsəsinin tabeliyində və bu sahədə mütəxxəssis olan 400-ə qədər rahib var. Onların 240-ı İtaliyada fəaliyyət göstərir.
 
Dərnəyin sözçüsü Paolo Karlin mətbuata açıqlamasında şeytanın əsas iki əməlinin olduğunu bildirib: "Birincisi adi əməllərdir: məsələn, başdan çıxarma. İkincisi isə daha mürəkkəb əməllərdir: zehni ələ keçirmə, bədənə zərər vermək, bir şəxsə və ya bir məkana hökm etmək və s. Tamamilə ələ keçirilən şəxs öyrənilməyən bir dildə danışmağa başlayır, gizli məlumatlardan xəbərdar olur, müqəddəs şeylərə qarşı sərt reaksiya verir və anormal fiziki gücə malik olur".

NUH informasiya agentliyi səhifəsindən çap edilib