Dərc edilib: 06-03-2018

https://www.nuh.az/15215-.html

BEYNƏLXALQ BANK 20 MİLYARDI NECƏ “UDDU”? – Böyük talana dair yeni ŞOK məlumatlar

06.03.2018 20:02:17

İqtisadiyyat

Nəzarəti tamamilə Maliyyə Nazirliyində olan Beynəlxalq Bank batdıqca batır

Azərbaycanın ən böyük bankı olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ABB ASC) 2017-ci ilin may ayında 3,3 milyard ABŞ dolları həcmində xarici öhdəliklərin restrukturizasiyasını elan edib. Bank Azərbaycan hökuməti ilə birgə borcun bir hissəsini silməyi təklif edib. ABB London Yüksək Məhkəməsindən kreditorların iddialarının təmin olunmasına moratorium qərarı alıb. Proses bu ilin yanvarın 30-da tamamlanmalı idi. Moratorium kreditorların məhkəmənin razılığı olmadan ABB-yə və ya əmlakına qarşı hər hansı bir hərəkətə başlamağa və ya davam etməsinə imkan vermir. ABB moratoriumun vaxtının uzadılmasını xahiş edib, lakin bankdan üst-üstə 520 milyon dollar alacağı olan “Sberbank” və “Franklin Templeton İnvestisiya Menecmenti Limited” (FTIML) restrukturizasiya planının əleyhinə səs verib. İngilis hüququna əsasən, borc iflas proseduru səbəbindən silinə və ya başqa bir yurisdiksiyaya keçirilə bilməz. Məhkəmə iki təşkilatın da mövqeyini dəstəkləyib. Restrukturizasiya Apellyasiya Məhkəməsinin qərarına qədər başa çata bilməz.

6 milyardlıq problemli aktiv 20 milyarda çatdı(rıldı)

Ötən ilin may ayında bankın mətbuata açıqlamasında qeyd edilirdi ki, həmin vaxta qədər ABB-nin 9,93 mlrd. manat dəyərində toksik aktivi dövlət tərəfindən alınıb, likvidlik dəstəyinin göstərilməsi üçün də banka 1,3 mlrd. dollar və 70 mln. manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 mln. manat hissəsi kapitalın artırılmasına yönəldilib. Həmin vaxta qədər banka dövlət tərəfindən ümumilikdə 12,8 mlrd. manat pul sərf edilib. Əvvəlcə xarici borcun məbləği deyilməsə də, indi məlum olur ki, bu da 3,3 mlrd. avro, yəni hazırkı kursla 6,6 mlrd. manat təşkil edir.

Başlanğıcda ABB-nin 5-6 milyarlıq problemli aktivlərindən söhbət gedirdisə, sonradan bu məbləğ 10 milyardı aşdı və bununla da qalmayıb, qısa zamanda 20 milyardı haqladı. Sadalanan rəqəmləri topladıqda hələlik 19,4 mlrd. manatlıq böyük bir vəsaitdən söhbət gedir. ABB cəmi iki ildə 20 milyarda yaxın pulu “udub”. Cəmiyyəti düşündürən ölkənin bir illik büdcəsinə bərabər borcun mənbəyidir. Proses qeyri-şəffaf keçirildiyindən zərərli aktivlərin həcminin 3 dəfədən çox artmasının gerçək səbəbi barədə məlumat yoxdur. Hökumətdə isə israrla susurlar.

Bankın fəaliyyətinin şəffaflığının təmin edilməməsi, hesabatlılığın olmaması da cəmiyyətdə neqativ rəylər formalaşdırır. Artıq 2018-ci ilin birinci rübü başa çatmaq üzrədir, web-saytında ABB-nin ən son maliyyə hesabatı 2016-cı ilin 6 ayına dairdir.Halbuki, bankın nəinki 2016-cı il, eləcə də 2017-ci ilin tam hesabatı indiyə qədər açıqlanmalıydı. Əvvəlki rəhbərliyin dövründə bütün hesabatlar sayta yerləşdirilirdi. Bəlli ki, ciddi problemlərin müqayisədə ortaya çıxacağı üzündən son iki il yarımın hesabatını açıqlamaqda tərəddüdlər var. Bununla yanaşı, durumdan təkcə dövlət deyil, fiziki şəxs olan kiçik ortaqlar da əziyyət çəkirlər. Artıq 3 ildən çoxdur ki, onların səhmlərinə dividend hesablanmır və bu barədə danışan yoxdur.

Borcların 80%-nin arxasında real təminat olub: 3,5 mlrd. manat 30 şirkətə çatıb

ABB-nin problemli aktivlərinin yalnız qaytarılmayan kreditlərlə bağlı olub-olmadığı, problemə çevrilən başqa aktivlərin mövcudluğu barədə hər hansı bilgi verilmir. 2015-ci il 1 yanvar tarixinə Bankın bütün aktivlərinin 86%-ni və ya 7,9 mlrd. manatı müştərilərə kreditlər təşkil edib. Nəzərə alsaq ki, hökumət Bankın bütün problemlərinin 2014-cü ilin sonunadək yarandığını söyləyir, belə nəticə çıxarmaq olur ki, problemli aktivlər, əsasən, qaytarılmayan kreditlərlə bağlıdır. Bankın hesabatına əsasən, yenə həmin tarixə kreditlərin təxminən 1 mlrd. manatı və ya 14%-i fiziki şəxslərə verilib. Yerdə qalan 7 mlrd. manata yaxın krediti (bütün kteditlərin 86%-i) alan korporativ müştərilər olub. Korporativ müştərilərə verilən kreditlərin 50%-i – təxminən 3,5 mlrd. manatı 30 şirkətə çatıb. Problemli kreditlərin yaranmasında böyük həcmli borcların payının nə qədər olduğu maraqlıdır. Borc öhdəliyini yerinə yetirə bilməyən subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməyib. ABB-nin 2014-cü il üzrə hesabatına görə, korporativ müştərilərə verilən kreditlərin cəmi 796 mln. manatı təminatsız olub. 3,5 mlrd. manat kreditə daşınmaz əmlak, 2,1 mlrd. manata daşınar əmlak əsasında zəmanət verilib.

Statistik rəqəmlərin təhlili deməyə əsas verir ki, müəssisə və şirkətlərə verilən borcların 80%-ə qədərinin arxasında real təminat olub. Bu təminatların Bankın problemli aktivlərinin bərpasına cəlb edilməməsinin səbəbi aydın deyil. O əmlaklar satılıb, borc qapana bilərdi. Bu əmlakların satışı hesabına problemli aktivlərin hansısa hissəsinin geri qayıdıb-qayıtmadığı barədə məlumat verilmir.

Bankla əlaqəsi olmayan şəxslər də əmlaklarından məhrum ediliblər

Əlavə olaraq 1 mlrd. mantdan artıq kreditə korporativ zəmanət olub. Bu zəmanətlərin arxasında fors-major şəraitlərdə borc götürənə zamin duran üçüncü bir şirkətin real dəyəri olan aktivləri dayanıb. Zamin duran şirkətlər, onların aktivlərinin zamin durduqları borclar üçün qiymətləndirilməsi barədə də açıqlama yoxdur. Hazırda ABB-nin iri məbləğdə kreditlər ayırdığı müəssisələrin bəziləri satılıb, bir sıra şirkətlər əl dəyişdirib, yerdə qalanlar da ilin sonunda satışa çıxarılıb. Əslində, onların girov qoyduqları əmlaklar vaxtında satılmış olsaydı, özləri girov predmetinə çevrilməz, bank da bu duruma düşməzdi.

Amma məlumatlara görə bankda girov predmeti olmayan əmlaklar da məhkəmə qərarları ilə sahiblərindən alınıb. Bankdan kreditləşən müəssisələr məhkəmələr tərəfindən dövlətin xeyrinə götürülüb və payçıları səhmlərinin dəyərini almadan kənarda qalıblar. “İnter Textile” ASC, “Kainat” ASC, “Bakı Dəmir Beton-7” ASC, “Səyyarmextikinti” ASC və “Tikinti materiallar Kombinatı” ASC-nin səhmdarları bu səbəbdən bir müddət əvvəl Prezident İlham Əliyevə müraciət ediblər. Onlar Maliyyə Nazirliyindən (MN), Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və problemli aktivlər idarəetməsində olan “Aqrarkredit” ASC Bank Olmayan Kredit Təşkilatının rəhbəri Məmməd Musayevin qanunsuz hərəkətindən şikayət ediblər. Bildiriblər ki, “Aqrarkredit”  səhmdarı olduqları ASC-lərin əmlakını məhkəmə yolu ilə müsadirə edir. Halbuki, kiçik ortaqların qiymətli kağızları girovda olmayıb. Ancaq məhkəmə prosesləri onlarsız keçirilir və onlar tərəf kimi qəbul edilmirlər. Nəticədə, bankla əlaqəsi olmayan şəxslər də əmlaklarından məhrum ediliblər.

Problemli kreditlərin 3 milyard olduğu Maliyyə Nazirliyində etiraf edilib

ABB-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri məhkəmə iclaslarında deyib ki, Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri olub və onlar bankda oturub bütün qərarlara qol çəkiblər. Cahangir Hacıyev: “Amma ittiham aktında Audit Komissiyası, Müşahidə Şurası, bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç nə yoxdur. Bu məsələlər mütləq araşdırılmalıdır. Maliyyə naziri Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada mənim yanımda əyləşməlidir. Bunu sübut edən faktlarım var”.

Bu çıxışlarından sonra maliyyə naziri C.Hacıyevə mətbuat vasitəsilə cavab verdi. Samir Şərifov Beynəlxalq Bankın borcları barədə danışarkən bildirirdi ki, bankın sabiq rəhbərliyi kobud səhvlərə yol verib: “Bir çox hallarda müşahidə şurasının qərarlarına əməl edilməyib, bu qərarlar pozulub və bank barədə məlumatlar təhrif olunub. Nəticə etibarı ilə bu bankda mənimsəmə halları müşahidə edilib. Əlaqəli şəxslərə dolayı yollarla pullar verilib, o pullar da çıxarılıb, lazım olmayan işlərə sərf olunub. Hazırda pis işləyən müəyyən zavod, fabrikləri sağlamlaşdırmaq yoluyla satıb, sonra əldə ediləcək pulları kreditin bərpasına sərf edəcəyik…”

Nazirliyin sözçüsü isə açıqlamasında yalnız 3 mlrd. həcmində bir kreditdən bəhs edib. Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev deyib ki, “qaytarılmayan kreditlərin ayrılması bilavasitə Cahangir Hacıyevin şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilib. Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulub. Limitlər aşdığı təqdirdə Müşahidə Şurasının razılığı olmalı idi. Bir çox hallarda isə kreditlər bankın İdarə Heyətinin sabiq sədrinin ayrı-ayrı xarici ölkələrdə yaradılmış və sahibliyi ona məxsus olan müxtəlif offşor şirkətlərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilib və ya nağdlaşdırılaraq mənimsənilib.
2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Müşahidə Şurasının qərarlarına zidd olaraq hüquqi və fiziki şəxslərə 1,5 milyon manat limitindən yuxarı məbləğlərdə, ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verilib, onların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib. Eyni zamanda bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti offşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunub. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmayıb.

O ki qaldı Müşahidə Şurasının qərarları ilə rəsmiləşdirilməsinə razılıq verilən kreditlərə, bunların sayı 7, ümumilikdə məbləği isə 250 milyon dollar və 261 milyon manat təşkil edib, kreditlərin hamısı bağlanıb”.

Elan olunan zərər ittiham aktındakından 92 dəfə çoxdur

Son elan olunan rəqəm bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində irəli sürülən ittiham aktındakından təqribən 92 dəfə çoxdur. Məhkəmənin hökmündə göstərilib ki, Cahangir Hacıyevə və digərlərinə qarşı qaldırılmış iki – Beynəlxalq Banka dəymiş 211 mln. manat və “Aqrarkredit” QSC-yə dəymiş 7 mln. 423 min manatlıq mülki iddiaların biri tam, biri isə qismən təmin edilib. İttiham aktında qeyd edilən 211 milyondan 102 mln. manatı ödənilib, qalan 109 mln. isə bağlanmamış qalıb. Məhkəmə bu mülki iddianın qismən təmin edilməsini, bağlanmamış məbləğin təqsirləndirilən şəxslərdən tutularaq banka ödənilməsi barədə qərar verib. Sonda məhkəmənin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, ondan 63 mln. manat tutularaq Beynəlxalq Banka ödənilməsi barədə qərar verilib. Yəni, Hacıyevə qədər ortada milyardlıq bir zərər olmayıb.Olsaydı, bu, elə məhkəmədə səslənərdi, iddia aktına salınardı, geri tələb edilərdi və s. Burdan da belə nəticəyə gəlmək olar ki, sözügedən zərər sonradan yaranıb.

Dövlətin ABB-dəki payı 95%-ə necə çatdı?

Hacıyev və ya başqa biri istəsəydi belə bu qədər zərəri təkbaşına yarada bilməzdi. Çünki bankın idarəetməsi əsas səhmdarı olan dövlətin əlindədir. Proseslərin əvvəlində ABB-nin səhmlərinin 51%-nin Maliyyə Nazirliyinin timsalında dövlətə məxsus olduğu bildirilirdi, amma məhkəmə prosesi başa çatanda dövlətin payı artıq 80% civarında idi. Web-saytında Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa əsasən 01.12.2017-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankı ASC-nin nizamnamə kapitalının strukturu belədir: faktiki nizamnamə fondunda dövlət və dövlət müəssisələri 95.05%, o cümlədən, Maliyyə Nazirliyi 80.49%, “Aqrarkredit” QSC 14.56%, qeyri-dövlət müəssisələri 0.4%, fiziki şəxslər 4.55% paya sahibdir. Bankda dövlətin payını 95%-ə nə zaman çatdırdılar, bilinmir. Çünki bu barədə açıqlama verilməyib. Bəlli ki, dövlət payına qatılan səhmlər C.Hacıyev və çevrəsinə məxsus olub. Keçmiş bankir məhkəmə proseslərində özünə və yaxınlarına aid səhmlərin əlindən alındığını bildirmişdi… Azpolitika.info

NUH informasiya agentliyi səhifəsindən çap edilib