Dərc edilib: 16-03-2018

https://www.nuh.az/15264-.html

Qazaxıstanın müstəqil addımı Rusiyanı təəccübləndirib

16.03.2018 16:13:44

Maraqlı

Avrasiya İqtisadi Birliyini keçmiş SSRİ-ni bərpa etmək cəhdi kimi qiymətləndirənlər haqlı imişlər. Sən demə, bu ittifaqa üzv olanlar ən adi diplomatik təşəbbüslərini belə Rusiya ilə razılaşdırmalı imişlər. Hər halda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu gün “İnterfaks”-a açıqlaması belə düşünməyə əsas verir.

Hurriyyet.org-un məlumatına görə, “İnterfaks” jurnalistinin Qazaxıstanın ABŞ-la vizasız gedişə-gəlişə icazə verməsi barədə sualı Lavrovu çox təəccübləndirib. Lavrov bu barədə informasiyası olmadığını etiraf edib və Qazaxıstanın ABŞ-dan əvvəl Rusiya Federasiyası ilə bunu razılaşdırmasının vacibliyini bildirib. Fikrini isə belə izah edib:

"Düzünü desəm, bunu bilmirdim. Sabah Astanada olacağam, qazax həmkarımla məsələni müzakirə edəcəyəm. Çünki bu cür məsələlərdə Avrasiya İqtisadi Birliyi çərçivəsində koordinasiyaya ehtiyac duyulur".

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvar ayında ABŞ-da Donald Tramp ilə bir araya gəlmiş, iki ölkənin başçıları qarşılıqlı genişləndirilmiş strateji tərəfdaşlıq məsələlərini müzakirə etmişdilər. Qazaxıstan Prezidenti ABŞ-ın Qazaxıstan vətəndaşlarına vizasız rejim verəcəyinə dair ümidini dilə gətirərək demişdi: "Qazaxıstan Amerika vətəndaşları üçün vizasız giriş elan etdi. ABŞ-ın da eyni istiqamətdə cavab addımı atmasını gözləyirik".

NUH informasiya agentliyi səhifəsindən çap edilib