Dərc edilib: 17-03-2018

https://www.nuh.az/15275-.html

Məcburi köçkün: Məni məcbur etməsinlər seçki məntəqələrinin qarşısına gedərək...

17.03.2018 11:18:53

Cəmiyyət

Məcburi köçkün: Məni məcbur etməsinlər seçki məntəqələrinin qarşısına gedərək...


Məcburi köçkün sonuncu xəbərdarlığını etdi. Çünki onun yaşayışı dözülməzdir. Yol tapıb işinə belə gedə bilmir. Söhbət Sabunçu rayonu, Anaşkin küçəsi 4 ünvanında yerləşən keçmiş adı UMS Trest olan Tikinti Mexanikləşdirmə İdarəsinin qarajında 20 ildir məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Adilə Həsənovadan gedir. O dövlətini, prezidentini sevir, ölkəsinin adına hansısa formada ləkə gətirilməsini istəmir. Amma onu vadar edirlər ki, hansısa xarici dövlət səfirliyinə, yaxud da seçkini izləməyə gələn beynəlxalq nümayəndəyə yaxınlaşaraq kömək istəsin. Vətəndaşın əli hər yerdən üzüldüyündən mətbuat vasitəsilə əlaqədar qurumlara öz sözünü çatdırır: “Bildirmək istəyirəm ki, çoxsaylı müraciətlərimdən sonra Qaçqın və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin sədir Əli Həsənovun müavini Garay Fərhadov məni növbədənkənar qəbul etdi. Qəbuldan bir neçə gün sonra isə həm özü, həm də Elman İsmayılov mənə zəng edərək sənədlərimin üstünün yazıldığını bildirdi və hətta məni təbrik də etdilər. 8 aydır ki, mənə bu gün-sabah evinin açarı veriləcək deyərək başımın altına yasdıq qoyurlar. Dəfələrlə Elman İsmayılovla telefonla danışarkən deyib ki, heç nədən narahat olma, evini verəcəyik. Soyuqlu-şaxtalı, çovğunlu qış günlərində yağış başıma tökülə-tökülə onların zəngini gözləmişəm. Dəfələrlə “Qaçqınkom”a getmişəm. Orada işləyənlərin hamısı mənim problemimi bilir. Hamısı da deyir, sənədinin üstünü Əli Həsənov yazıb. Onun yazdığını pozan olmaz. Amma 8 aydır Əli Həsənov məni niyə gözlədir, bilmirəm”. Vətəndaş deyir ki, bir dəfəlik desinlər “sənə ev verilməyəcək”, mən də onları narahat etməyim: “Mənə “yox” sözünü demirlər. Desinlər, mən də başqa ölkəyə müraciət edim, bəlkə onlar məni evlə təmin etdilər. Əslinə qalanda isə, mən bunu heç istəmirəm. İstəmirəm ki, bir məcburi köçkünün evlə təmin olunmaması problemi bu dərəcədə ictimailəşsin. Məsələni həll etmək “Qaçqınkom”un əlində heç nədir”. Adilə Həsənova bildirir ki, amma artıq canından bezib: “Ötən dəfə mətbuatda çıxışımda da demişəm, məni məcbur etməsinlər seçki məntəqələrinin qarşısına gedərək xarici jurnalistlərə öz problemini çatdırım. Heç kimə hədə-qorxu gəlmirəm, seçkiyə kimə məni mənzillə təmin etməsələr, başıma gələnləri, neçə vaxtdır aldadıldığımı ingilis, rus dillərinə tərcümə edib seçkini izləməyə gələn jurnalistlərə, paylayacam. Amma bundan sonra heç kim məni qınamasın ki, “bizim sənin problemindən xəbərimiz yox idi”. Çünki mən bütün dövlət qurumlarına yazılı müraciətlər etmişəm. “Qaçqınkoma” etdiyim müraciətlərin sayı isə onlarla, bəlkə də yüzdən artıqdır. Eşitdiyimə görə, müraciətlərimi yığmaq üçün “Qaçqınkoma”da adıma əlavə qovluq yaradılıb”. Adilə Həsənova son olaraq bir daha qeyd etdi ki, dövlətimizi, dövlət başçımızı çox istəyir: “Heç istəmirəm ki, hansısa addımım dövlətimizin ziyanına olsun. Bilirəm ki, problemimi prezidentə çatdırsalar, o dərhal məni mənzillə təmin edər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib