Bəyanatda deyilir:

 

"Azərbaycanın müstəqilliyinin qorunması, müstəqil siyasətin davam etdirilməsi, iqtisadi yüksəliş, sosial rifah, ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin əsas məqsədləridir. Azərbaycan sabit, güclü, demokratik, hüquqi dövlətdir və bütün parametrlərə görə regionda liderdir. Böyük iyirmiliyin sammitində iştirak, nüvə təhlükəsizliyi tədbrilərində böyük dövlətlərlə birgə müzakirə tərəfdaşı, regional sabitliyin qorunmasında əsas təminatçı ölkələrdən biri, beynəlxalq terrorizmlə mübarizə üçün dünya dövlətləri ilə birgə mübarizənin təşkilatçısı olması göstərir ki, Azərbaycan dünya siyasətinin əsas və aparıcı dövlətlərindən biridir.

Azərbaycan regional inkişafın əsas dayağı olan ölkələrdən biridir. Böyük neft-qaz layihələrindən sonra Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars beynəlxalq dəmiryolu xəttinin açılışı Azərbaycanın böyük layihələrin reallaşmasında dünya üçün əvəzedilməz bir dövlət olduğunun göstəricisidir.

Bütün bu nailiyyətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən indiyədək Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Artıq regionun aparıcı dövləti olan Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən etibarlı strateji tərəfdaşa çevrilmişdir. Azərbaycan bu gün demokratik modernizasiya və milli dəyərlərin harmoniyası ilə dünya üçün örnək olan ölkələrdəndir. Multikultural dəyərlər, mədəniyyətlərarası dialoq, tolerantlıq Azərbaycan cəmiyyətinin əsas aparıcı və prioritet xətlərindəndir. Bu gün Azərbaycan dünyanın toqquşan maraqlarının belə dialoq məkanlarından biridir. Azərbaycan paytaxtında dəfələrlə yüksək səviyyəli NATO-Rusiya, ABŞ-Rusiya danışıqları aparılır. Azərbaycan dövləti bu yüksək etimadı məhz Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanmışdır.