Dərc edilib: 02-04-2018

https://www.nuh.az/15433-.html

Jurnalistləri təhqir edən akademik: "Son vaxtlar 100 qramdan artıq içmirəm"

02.04.2018 14:35:59

Mədəniyyət

"Mən əsəbi olub, bu fikirləri səsləndirmişəm. Əsəbi olmasaydım deməzdim. Amma bu fikrimin üzərində dayanıram ki, bizim jurnalistlərin əksəriyyəti savadsızdır".

 Bu sözləri AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Unikal.org-a müsahibəsində deyib. O, "küçük” ifadəsini yalnız bir jurnalistə aid etdiyini bildirib:
"O adam məni doğrudan da biabır edib. Guya mən demişəm ki, "Bakıda qar yağmayacaq”. Bu açıqlamadan sonra Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov mənim ünvanına "ölsün, yerə girsin belə akademik, gör nə deyib?!” sözlərini deyib. Mən bu sözə görə səhərə kimi yatmamışdım, mətbuata çox əsəbləşmişdim”.
Ramiz Məmmədov müsahibə zamanı "Azərbaycanda bir dənə də olsun savadlı jurnalist yoxdur” sözlərini də təkzib edib:
"Azərbaycan mətbuatında savadlı jurnalistlər çoxdur. Onların bəziləri ilə də dostluq edirəm. Mir Şahin, Qulu Məhərrəmli və digər jurnalistlərimiz var ki, onlara hörmətim var. Açığını deyim ki, cavan jurnalistlərə də hörmətim var. Niyə də olmasın?! Mən bütün jurnalistlərə açıq adamam. Təəssüf ki, əsəbi vaxtıma düşdüyü üçün xoşagəlməz ifadələr işlətdim. Fikirlərimin belə rezonans doğuracağını gözləmirdim”.
Professor həmin sözləri deyərkən içkili olması xəbərinin yalan olduğunu və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin ona bu sözlərə görə irad bildirdiyini söyləyib:
"Mənim yaşım o yaş deyil. Son vaxtlar 50-100 qramdan artıq içmirəm. Akif Əlizadə mənə dedi ki, siz gərək bu ifadələri işlətməyəydiniz. Mənə belə ifadələr səsləndirməyə qadağa qoydu. Mən də Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!”
Qeyd edək ki, professor R.Məmmədov ondan hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistləri təhqir edib. O, media nümayəndələri haqda "Bayaq "küçük” sözü dedim ha, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər” deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib