Dərc edilib: 02-04-2018

https://www.nuh.az/15446-.html

Murtuz Ələsgərovun sürücüsü Bakıda avtobus sürücüsü işləyir (FOTO)

02.04.2018 23:08:23

Günün sitatı

Bir vaxtlar Misir Mərdanovun, Murtuz Ələsgərovun sürücüsü olmuş Yadigar Bağıyev indi Bakıda marşrut avtobusunun sürücüsü işləyir. 

"Xaliq Faiqoğlu” şirkətindən verilən məlumata görə, Yadigar Bağıyev 65 saylı marşrutun nümunəvi sürücülərindən biridir: "Yadigar Bağıyev 25 ilə yaxındır 65 saylı marşrut xəttində avtobus sürür. Sərnişindaşıma fəaliyyətinə başladığı 65 saylı marşrut xəttinin ilk sürücüsü olub. Onun sürdüyü ilk marşrut avtobusu isə artıq tarixin yaddaşına köçmüş "Raf” olub”.
Nümunəvi sürücü sərnişindaşıma ilə məşğul olduğu ilk illəri belə xatırlayır: "Mənim ilk və yeganə peşəm sürücülükdür. Bakıya gəldiyim 1986-cı ildən sürücülük edirəm. Birinci iş yerim Bakı Dövlət Universiteti olub. O vaxtkı rektorlar Murtuz Ələsgərovun, Misir Mərdanovun sürücüsü olmuşam. 1994-cü ildə isə 65 saylı marşrutda işləməyə başladım. O vaxt sərnişinləri "Raf” markalı avtobuslarda daşıyırdıq. Həmin "Raf”lar çoxlarının yadındadır. Hazırda "İsuzu Citiport” sürürəm. Mənim oğlum da bu şirkətdə dispeçer işləyir. İşimizdən çox razıyıq”.
Dediyinə görə, sürdüyü avtobuslarda nəinki bir qəza, ən xırda insident, hadisə də olmayıb: "Heç vaxt imkan verməmişəm ki, avtobusda qarşıdurma olsun. Fikrim həmişə salonda olur. Çalışmışam müdaxilə edim ki, insanlar bir-birini incitməsin. O vaxtla indiki zaman arasında çox fərq var. Camaat çox dəyişib. İndiki insanlar sanki daha çox görüb-götürüb, açılışıblar. 90-cı illərdə avtobuslarda çox sakitlik olardı, maşın da, sərnişin də az idi. Hamı rahat minib-düşürdü. Bircə dəfə deməzdin ki, yol pulunu ver. Amma indi fərqlidir. İnsanların xarakteri də çox müxtəlifləşib. 2 ildir sürdüyüm avtobus kart sisteminə keçib. Adam var ki, hər gün avtobusla işə gedib-gəlir. Üzdən tanıyıram, amma hələ də 2 manat verib özünə kart almayıb. Hər dəfə avtobusa minəndə üzünü camaata tutub deyir ki, kimin kartında pul varsa məni keçirsin. Sonra əlini cibinə salıb eşələyir ki, guya pul çıxaracaq. Elə insanlar var ki, yanındakı 4-5 yaşlı uşağa görə də kartı vurur. Bəziləri isə özü boyda övladını keçirir. Deyəndə ki, ay xanım, ay qardaş, ay başına dönüm, niyə ödəniş etmirsən? Cavab verir ki, hələ 6 yaşı təzə tamam olub”.
Yadigar Bağıyev deyir ki, bir vaxtlar avtobusla məktəbə, universitetə apardığı uşaqlar indi böyüyüblər: "İndi onların övladlarını aparıram həmin məktəblərə. Bir vaxtlar sevgili kimi avtobusumda gördüyüm cütlüklərin övladları ilə getdiyini görürəm, ürəyim açılır. İstənilən vaxt elektron tablonu söndürüb reysə çıxsam, insanlar mənim üzümə baxıb minəcəklər avtobusa. Çünki hamısı bilir ki, 65 saylı marşrutdur. O qədər nazirlər, yüksək vəzifəli məmurlar, sənətçilər sərnişinim olub ki… Elələri var ki, bir vaxtlar Milli Qvardiyada əsgər idilər. Dövlət əhəmiyyətli qurumlarda xidmət edirdilər. Onlar indi yüksək rütbəli zabitlərdir, prezidentin mühafizəçiləridir. Yenə "Azneft”də, "İçərişəhər” tərəfdə məni görəndə deyirlər ki, biz sizin avtobusa minəndə cavan oğlan idik. Siz hələ də bu yollarda avtobus sürürüsünüz…”
 
Mənbə: yeniavaz

NUH informasiya agentliyi səhifəsindən çap edilib