Dərc edilib: 04-04-2018

https://www.nuh.az/15466-.html

M Ə K T Ə B Y O L U

04.04.2018 17:13:49

Mədəniyyət

 

 

Qəlbən müəllim peşəsinə və məktəbə bağı olan

Malik  Şirvan oğluna ithaf edirəm

 

Müəllim peşəsin müqəddəs sandın

Ömrünü bağladın, bəxş etdin ona.

Bu şirin həyatda şam kimi yandın

Talehin sığındı məktəb yoluna.

 

Şagirdin aldığı əla  qiymətlər,

Mükafatın olar bəhrələnərdin.

Kimsə  “axsayanda”  dərsdə nə qədər

Gizlicə-gizlicə qəhərlənərdin.

 

Bir gün görməyəndə  gözün dolası,

Dilində bitməsəm  dilin alışar.

Məktəbdir ömrünün məğzi, mənası,

Qoynunda ən şirin  xatirən yaşar.

 

Yormaz qədəmləri cığırı, izi,

Məktəbə borcludur, borcludur hamı.

Doğmalar içində yoxdur əvəzi,

Məktəbdən almısan ancaq ilhamı.

 

Məktəbi oxşayıb, məktəbi sevib,

Kamala bürünüb, əqlə bürünüb.

Bəlkə də ən uca zirvəni seçib

O uca zirvədən dünya görünüb.

 

Sənin əməlində arzu gül açar,

Qoymursan darıxaq çətində, darda.

Günəş tək yollara nur, şəfəq saçır

Alır gül ətrini səndən bahar da.

 

Unutmaq olarmı səni bir anlıq

Fərqi yox, yaxında, uzaqda olum.

Məktəbsiz bu həyat sənə qaranlıq

Məktəbdən başlanır işıqlı yolun,

Məktəbdən başlanır işıqlı yolun !

 

Həsən Orucoğlu

Şair-Publisist  Zəngilan rayonu, Məmmədbəyli kəndi

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib