Dərc edilib: 10-04-2018

https://www.nuh.az/15542-.html

Əməkdar artist xəstəlik tapıb: "O gün az qaldı ki, ürəyim dayansın"

10.04.2018 18:18:25

Günün sitatı

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən və son zamanlarda daha da aktivləşənləri sərt şəkildə tənqid edib.
 
Qaynarinfo-ya açıqlama verən müğənni söyüş söyənlərin əlindən sosial şəbəkələrə girə bilmədiyini, "Youtube" üzərindən tələbələrinə mahnılar göstərərkən xəcalət çəkdiyini bildirib. Əməkdar artist sosial şəbəkə hesabında status paylaşaraq bütün sosial şəbəkələrin bağlanması üçün prezidentə müraciət edilməsini istəyib:
"Facebook"a girib bir adamın xoş bir sözünü görməyə, bir xəbər oxumağa peşmansan. İnsanın qabağına nə qədər pis şey çıxar?! İnsanlar niyə bir-birlərini bu qədər təhqir edir?
"Youtube" səhifələrinə girmək olmur. Bunlara bir dur demək lazımdır, ya yox?! Bütün bunlar insanları qatil olmağa sürükləyir. Bir gün biri o birinin başını kəssə, ağılları başına gələcək. Tanıdılar, tanımadılar fərqi yoxdur. Yetənə bir söz deyirlər, yetməyənə daş atırlar. Bu bəla başımızdan nə vaxt sovuşacaq?
Mən "Youtube"ni açıb dərsdə tələbələrimə bir dənə mahnı göstərə bilmirəm. Açmağına peşmansan ki, anidən orada bir söyüş briqadası peyda olur. Özünüz bilirsiz. Mən hər şeyi açıb-ağartmaq istəmirəm. Xalxın arvadı-uşağı, anası-bacısı yoxdur?! Yaxud söyən adamın yaxınları bunlara baxmır?! Bunları kim doğub görəsən?!
Sosial şəbəkələr elədir ki, buna bütün dünya baxır. Biabır oluruq. Bizim millət budur?! Mən artıq bunların əlindən təzyiq xəstəliyi tapmışam. O gün az qaldı ki, ürəyim dayansın".
 
Əməkdar artist son zamanlar dünyasını dəyişmiş şair və yazıçılarımızı hədəfə tutan gəncləri də qınayıb:
"Təsadüfən bir oğlanın yazısına rast gəldim. Bəxtiyar Vahabzadənin haqqında nələr yazıb ilahi... A bala, sənin Bəxtiyarla nə işin var? Bəxtiyar Vahabzadə dünyasını dəyişib. Onsuz o, sizə görə gecə-gündüz alışdı-yandı, hər şeyi yazdı. Kor deyilik ki, görürük də öz xalqı üçün necə yanırdı. İndi ölüb bu dünyadan gedib, qoyun rahat yatsın da, nə istəyirsiz ondan?! Öləndə də adamı rahat qoymurlar. Bunun qabağını almaq lazımdır. Mən 4-5 günə ölüb gedəcəyəm, siz cavanlar bunların əlində qalacaqsınız. Belə şeyləri görməkdənsə, ölmək ondan yaxşıdı. Bilsəydim elə o vaxtı Gülarə xanım (Dan Ulduzu ansamblının konsertmeysteri) öləndə, mən də ölərdim. Mikayıl Müşfiqi, Səməd Vurğunu müzakirə obyektinə qoyub, ağzına gələni yazırlar. Sizin onlarla nə işiniz var? Bunu yazmaqla əlinizə nə keçir?! Mən musiqiçiyəm. Mənə deyin ki, filan musiqini düzəldin, mən onu düzəldim. Amma bu şeylərdən başım çıxmır. Alın bunların qabağını!"
 
A.Haşıma sosial şəbəkə hesabında yanlışlıqla internet portalları yazdığını və bununla xəbər saytlarını nəzərdə tutmadığını bildirib:
"Çaşıb internet portalları yazmışam. Düzü başım o qədər də çıxmır. Sonradan dedilər ki, saytları deyirsən? Dedim yox, sosial şəbəkələr yazmaq istəmişəm".

NUH informasiya agentliyi səhifəsindən çap edilib