Dərc edilib: 26-04-2018

https://www.nuh.az/15769-.html

Gürcüstanda kəndliyə 6-7, bizdə 26 faizlə kredit təklif olunur

26.04.2018 17:49:00

Maqazin

Azərbaycanda kənd təsərrüfatının ləng inkişafı kəndlilərin kütləvi şəkildə dolanışıq üçün şəhərə axın etməsinə gətirib çıxarır. Təbii ki, Azərbaycan Respulikasının Konstitusiyasında da qeyd olunduğu kimi, kimliyindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində olan hər kəsin qanuni surətdə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçə bilmək hüququ var. Və buna heç kəs və heç bir şəkildə müdaxilə edə bilməz. Amma bu gün ölkədə kənd əhalisinin şəhərə axın etməsinə səbəb olan amillər təbii ki, bu azadlıqdan və insanlarımızın istəyindən irəli gələn məsələ deyil. Hər kəs yaxşı bilir ki, kəndlərdə əhalinin vəziyyəti o qədər də ürəkaçan deyil.
 
Bəs bu vəziyyəti düzəltmək üçün kənd təsərrüfatında, istehsalda hansı addımların atılmasına ehtiyac var?
 
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. O, sözügedən sahədəki mövcud problemlərin baş vermə səbəblərini sadalayıb və həll yollarını diqqətə çatdırıb:
 
"Ölkədəki torpaq-iqlim şəraiti imkan verir ki, Azərbaycan indikindən 3 dəfə artıq kənd təsərrüfatı məhsulu istehsal etsin. Azərbaycanın torpaq-iqlim şəraiti Türkiyənin, İtaliyanın, İspaniyanın torpaq-iqlim şəraitinə uyğundur, amma ümumilikdə götürüldükdə bizdəki şərait onlarınkından daha üstündür. Sadəcə, mövcud resurslarımızdan səmərəli istifadə edə bilmirik. Ona görə də indiki halda biz özümümzün ərzaq və kənd təsərrüfatı məhsullarına olan ehtiyacımızı idxalın hesabına ödəyirik. Regionlarımız elə yerləşir ki, orada fərqli çeşiddə çoxlu sayda kənd təsərrüfatı məhsulu yetişdirmək olar. Hətta 50-yə yaxın meyvə-tərəvəz növü var ki, həmin məhsulları qonşu ölkələrin istehsal etmək imkanı yoxdur və bu məhsulların emalı üçün müəssisələr tikmək, kənddə yaşayan əhalinin bir hissəsini həmin zavaodlara cəlb etmək olar.
 
Həmçinin, trikotaj fabrikləri açmaq olar. Məsələn, Zəyəm kəndində əvvəllər belə bir fabrik var idi və ətraf kəndlərdən də əhali buraya gəlib, işləyirdi. Onu 15 il bundan öncə bağlayıb, yerində polis şöbəsi açdılar.
 
 
Keyfiyyətli pambıq istehsal edə, onu emal edə bilər və sonra həmin məhsuldan da paltar hazırlanar. Azərbaycan elə cins paltar istehsal edər ki, Amerikanın istehsal etdiyi kimi yüksək dəyərə təklif edə bilərik.
 
 
 
Biz südü idxal edirik. Nə üçün onu özümüz istehsal etməyək?! Özümüz emal edib pendir, kərə yağı və s. hazırlaya bilsək, görün nə qədər qazanc əldə etmiş olarıq. Hər il təxminən ölkəyə 50 milyon dollarlıq, hətta daha artıq kərə yağı idxal edilir.
 
Ümumiyyətlə istehsal edə biləcəyimiz, lakin onu başqa ölkələrdən idxal etdiyimiz məhsulun ümumi dəyəri 1 milyard 500 milyon dollardan artıqdır. Yəni, təxminən 2,5 milyard manat. Bu, bizim kənddə yaşayan əhalinin əldə edə biləcəyi qazancdır ki, əcnəbi fermerlərin cibinə gedir. Bu səbəbdən şəhərə böyük axın yaranır. Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsalı və emalı üçün hər cür imkan, resurslar, işçi qüvvəsi var. Bizim əhali bacarıqlıdır, sadəcə bunu dəyərləndirə bilmirlər. Kənddən şəhərə axın təbii prosesdir. Əhalinin bir hissəsi var ki, şəhər mühitində yaşamaq istəyir. Bu da az bir qisimdir. Lakin indi çoxu məcburiyyət qarşısında qaldığı üçün, ailəsini dolandırmaq, özünü bir tikə çörəklə təmin etmək üçün şəhərə gəlir. Onlara da buna görə irad tutmaq olmaz".
 
Ekspert pambıqçılığın inkişafı ilə bağlı da danışıb və hazırda onun ölkəyə heç bir gəlir gətirmədiyini vurğulayıb:
 
 
 
"İndiki halda pambıqçılıq Azərbaycana heç bir gəlir gətirmir. Ona görə gəlir gətirmir ki, hazır pambığın ixracı ilə yüksək vəzifəli məmurlar məşğul olur və daha çox onlar gəlir əldə edir. Bu pambıqdan kəndli heç bir gəlir götürə bilmir. Keçən il onlar 10 milyon manatdan çox ziyana məruz qaldılar. Dövlət də bundan gəlir əldə edə bilmir. Dediyim kimi, bundan yalnız pambığın, mahlıcın, lifin ixracı ilə məşğul olan yüksək vəzifəli məmurlar qazanc götürür".
 
Vahid Məhərrəmli bildirib ki, kəndliyə az fazilə kreditlər verilməlidir. Yalnız bu halda kənd təsərüfatının inkişafına nail olmaq mümkündür: 
 
Ümumiyyətlə istehsalı rayonlar üzrə bölmək hökumətin işi olmamalıdır. İmkan verilsə, kəndlilər özləri çox yaxşı bilirlər ki, hansı regionda hansı məhsulu yetişdirib, onu rəqabətqabiliyyətli etmək, keyfiyyətini yaxşılaşdırıb, maya dəyərini aşağı salmaqla bazara çıxarmaq olar. İlk növbədə kəndliyə sərbəstlik verilməli, ikincisi də onlara ucuz kredit təklif olunmalıdır. Kəndli digər ölkələrdə, o cümlədən qərb ölkələrində olduğu kimi 3-4-5 faizlik kredit resursu əldə edə bilməlidir. Ona görə ki, kənd təsərrüfatı bir o qədər də gəlirli deyil. Əgər kredit faizinin dərəcəsi aşağı olarsa, onda kəndli gəlir əldə edə biləcək, istehsalda maraqlı olacaq, biznesini genişləndirəcək. Ancaq bizdə kəndliyə "şapka"sız 25 faizdən kredit təklif olunur və sonra müəyyən faiz də "şapka" alınır.
Belə olduqda da kəndli il ərzində 10-15 faiz gəlir əldə edir və onunla da heç kreditinin faizini ödəyə bilmir. Əgər 5 faizlə kredit verilsə, o zaman kəndli də qazanc əldə edə bilər və bu sahəyə maraq artar. Hökumət bu istiqamətdə 4-5 il iş aparsa, bir müddətdən sonra kəndlinin artıq həmin kredit resursuna da ehtiyacı qalmayacaq. Qərb ölkələrində sistem belədir. Hətta qonşu Ermənistan və Gürcüstanda kəndliyə təklif olunan kredit 6-7 faizdir. Mən bunu dəqiq bilirəm. Brüsseldə tədbirlərin birində bizdən də, onlardan da nümayəndə heyəti iştirak edirdi və onların təqdim etdiyi məlumatlar orada səsləndirildi, bizim nümayəndələr də o rəqəmi qəbul etdi. Azərbaycanda 26 faiz, qonşu Gürcüstan və Ermənistanda 6-7 faiz. Təsəvvür edin son 3 ayda Gürcüstandan Azərbaycana diri heyvanların idxalı ötən illə müqayisədə 3 dəfə artıb. Bu, böyük məbləğdi. Deməli Azərbaycanın neftdən gələn gəliri digər ölkələrin fermerlərinin ciblərinə gedir".
"Bizim kifayət qədər resursumuz var, amma ondan istifadə edə bilmirik. Çünki bu sahəyə məsul olan şəxslərin kənd təsərrüfatından anlayışları yoxdur. Çalışmaq lazımdır ki, xarici ölkələrdə təhsil alan, bu sahəni dərindən bilən kadrlar işə cəlb olunsun. O zaman yaxşı nəticə əldə olunar və əhalinin sosial durumu yaxşılaşar. Bu gün kənddə yaşayan əhalinin sayı 4,5-5 milyona yaxındır. Əhalinin demək olar ki, yarısı kənddə yaşayır. Onları müvafiq işlə təmin etmək lazımdır. Nə vaxta qədər kəndli şəhərə gəlib, qazandığı 5-10 manat pulla ailəsini dolandıracaq?!" deyə ekspert əlavə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib