Dərc edilib: 30-04-2018

https://www.nuh.az/15821-.html

Bakıda körpələr evinə gətirilən ərzaqlar hara daşınır? - Belə video yayıldı

30.04.2018 23:21:11

Kriminal

Bakıda 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür.

Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb.

O bildirib ki, körpələr evindəki bu hadisə ilə dəfələrlə qarşılaşıb:

“Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır... O bazarlıqları siz hara aparırsız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də açıqlaması var”.

Qeyd edək ki, iş vaxtı olmadığı üçün körpələr evindən münasibət öyrənmək mümkün olmadı.

Mövzunu diqqətdə saxlayacağıq.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib