Dərc edilib: 03-05-2018

https://www.nuh.az/15859-.html

İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Vüsal Quliyev kimdir? - DOSYE

03.05.2018 19:40:26

Cəmiyyət

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb. Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.

Qaynarinfo xəbər verir ki, Vüsal Quliyev 31 dekabr 1982-ci ildə Kürdəmir rayonunda anadan olub.
Orta təhsilini Bakı şəhəri 244 saylı orta məktəbində alan qəhrəmanımız 1999-2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetində hüquq üzrə bakalavr, 2003-2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət hüququ üzrə magistr təhsili alıb.
Gənc olmasına baxmayaraq, Vüsal Quliyev müxtəlif sahələrdə çalışaraq uğur qazanmağı, önə getməyi bacara bilib. Hansı sahədə olmasından asılı olmayaraq, daim öndə olub və fərqlənməyi bacarıb.
Gələcəyin məmuru 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri” mövzusunda magistr dissertasiyası müdafiə edir və hazırda həmin akademiyanın doktorantıdır.
2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "Sense” Proqramının məzunu olan V.Quliyev 2000-2008-ci illərdə "Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin, 2003-2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olub.
2006-cı ildə Niderlandın "Olde Vechte” Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini alır.
2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilib və 3 il müddətində ölkəni bu qurumda təmsil edib.
2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunub.
2010-2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” üzrə işçi qrupunun və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olub.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunaraq, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilib.
2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş, aprelin 22-də isə Şuranın ilk iclasında sədr müavini seçilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib