Dərc edilib: 06-05-2018

https://www.nuh.az/15885-.html

İslam ölkələri Azərbaycanla bağlı çağırış etdi

06.05.2018 17:46:44

Siyasət

Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində 5-6 may tarixlərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb edilir və qətnamədə əks olunmuş tələblərin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair narahatlıq ifadə olunur. Həmçinin, bütün dövlətlər Ermənistanın silah və hərbi təchizatlarla təmin edilməsinə və öz ərazilərindən bu kimi təchizatların ötürülməsi məqsədilə istifadə edilməsinə yol verməməyə çağırılır.

“1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamədə Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib