Dərc edilib: 17-05-2018

https://www.nuh.az/15897-.html

Cəmil Həsənli ilə Meydan TV-nin davası

17.05.2018 12:05:39

Müsahibə

Son bir həftədə Avropa və Azərbaycandakı müxalifət arasında başlayan virtual “müharibə” davam edir

 

“Yeni Müsavat”   xəbər verir ki, tarixçi professor Meydan.tv-ni qərəzli olmaqda suçlamasına ən sərt reaksiya meydan.tv-nin əməkdaşı Orxan Məmməddən gəlib: “Milli Şura üzvləri təkcə son 6 ayda Meydan.tv-də yayımlanan 30-dan çox veriliş və reportajda söz sahibi olublar. Şəxsən Əli Kərimli elə həmin müddət ərzində Meydan.tv-də saatlarla canlı yayımda danışıb, heç bir senzurasız. İndi Cəmil Həsənli  Emin Milliyə əsəbindən yazıb ki, son vaxtlar Meydan.tv-də Milli Şuraya məhdudiyyət qoyulur. Bunu demək ən azı sizin üçün ayıb olmalıdır, Cəmil bəy. Axı bu boyda komandanın haqqını tapdalamaq olmaz. Direktorumuzu nə qədər tənqid edirsiniz edin, buna 2-3 gündür heç qarışmırıq da. Amma Meydan.tv-nin komandasına edilən haqsızlığa göz yuma bilmərəm”.

Bu cavabdan sonra  Milli Şura sədri bir-birinin ardınca jurnalistə yönəlik statuslar paylaşaraq, onun üzr istəməsini tələb edib. Bu statuslardan ən çox diqqətçəkəni təqdim edirik: “Telejurnalist Sevinc Osmanqızına rəhbərlik tərəfindən bildirilib ki, Milli Şura və Xalq Cəbhəsinə bu media qurumunda moratorium, yəni qadağa qoyulub, əlavə edilib ki, bu, bizim media siyasətidir və onu pozmaq olmaz. Əli Kərimli ilə apardığı bir videomüsahibəyə görə jurnalistə irad bildirilib və ona moratoriumu pozmamaq barədə xəbərdarlıq edilib. Bəzi dostlar unudurlar ki, Meydan.tv-ni  onların öz vəsaitləri hesabına deyil, demokratik qurumlardan aldıqları qrant vəsaitləri hesabına fəaliyyət göstərir. Həmin təşkilatlar qarşısında media qurumunun ayrı-seçkilik etməmək, tərəfsiz, qərəzsiz, obyektiv media siyasəti yeritmək barədə öhdəlikləri var. Son vaxtlar belə məqamlarda bizə necə davranmağı tez-tez xatırlatmağa çalışan məşhur media təmsilçilərindən, tərəfsiz qələm sahiblərindən soruşuram: belə faktlar açılandan sonra diskriminasiyadan uzaq, tərəfsizliyə, qərəzsizliyə, obyektivliyə iddia edin bir mətbuat orqanı necə hərəkət etməlidir?!”

C.Həsənlinin bu statusuna cavabı Meydan.tv-nin əməkdaşı Sevinc Vaqifqızı verib: “Cəmil bəy, mən də bunları yazmaq istəməzdim, amma siz bu yazınızla məcbur etdiniz. Özünüzdən müsahibə alıb Sevinc Osmanqızına göndərmisiniz. Bu da elə təqdim olunub ki, guya Sevinc Osmanqızı sizdən müsahibə alıb. Müsahibə ilə bağlı şübhələr yarananda Sevinc xanım etiraf edib ki, siz ona hazır müsahibə göndərmisiniz. Bundan sonra belə halların baş verməməsi üçün ona xəbərdarlıq edilib. Siz yəqin bilirsiniz ki, bizim işimiz sual verməkdi, öz-özündən müsahibə alıb göndərən adamları yayımlamaq deyil”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müxalifət daxilində hazırda mövqe döyüşlərinin getdiyini söylədi: “Daha çox qrant almaq, davamlı olaraq belə layihələrin içərisində olmaq məsələsidir. Artıq pərdələr açılır, arenada bütün oyunçuların mahiyyəti görünür. Dəfələrlə bunu söyləmişik ki, Azərbaycanın radikal müxalifəti daha çox radikal mövqedə dayanmaq, barışmaz münasibət ifadə etmək, hakimiyyətə qarşı kəskin mövqe sərgiləmək, bu və ya digər məsələlərlə bağlı mitinqlər keçirməklə beynəlxalq qurumlardan qrantlar almaq və bu layihələrin içərisində möhkəmlənməkdir. Bir sözlə, ölkə daxilində fəaliyyət göstərən, xaricdə siyasi mühacir adı ilə yaşayanlar bizneslərini bu yolla qururlar. Vaxtilə bu işlə Leyla Yunus və Xədicə İsmayıl məşğul olurdu. İndi isə Avropada yaşayanlar, eləcə də Azərbaycan daxilində AXCP sədri Əli Kərimli və Milli Şura rəhbəri Cəmil Həsənli qrant almaq uğrunda savaşırlar. Bunun müxalifətçiliyə heç bir aidiyyəti yoxdur. Niyyət bu statusdan istifadə edib öz biznesini qurmaq, imkanlarını yüksək səviyyədə təmin etməkdir. Bir misal çəkəcəm. 25 ildir deputatam.

Övladlarımın xaricə getmək arzuları olsa da, bunu reallaşdıra bilməmişəm. Çünki buna maliyyə imkanlarım olmayıb. Nəvəm yaxınlarda baxmayaraq ki, xarici dövlətlərdə oxumaq imkanları qazanmışdı, lakin biz araşdırdıq və bəlli oldu ki, ailə büdcəmiz onu oxutmağa imkan vermir. Ona görə də onu nisbətən az maliyyə tələb edən Türkiyədəki universitetə yönəltdik. Bunları deməkdə məqsədim odur ki, radikal müxalifətin övladları Avropanın bahalı, sayılıb-seçilən universitetlərində oxuyurlar, orada özlərinə həyat qururlar. Eyni zamanda özlərini siyasi mühacir adlandıranlar Avropada həyatlarını yüksək səviyyədə qurmaqdadırlar. Bunların arxasında Azərbaycanı sevməyən qüvvələrin bəd niyyətləri dayanır. Bu niyyətlərin reallaşması üçün Azərbaycandakı antimilli qüvvələrdən istifadə edirlər. Necə deyərlər, pulunu verir, rəsmi sifariş verir ki oyna, əgər oynamasan rəqsinin pulunu verməyəcəm. Bu da o deməkdir ki, dediklərimi etməsən qrant ala bilməyəcəksən. Emin Milli bunları gənclərin prosesə qoşulması kimi izah edir. Əli Kərimli artıq bu cür dinləmələrə dəvət almır, yəni oğlu iştirak etmir. Azərbaycana qarşı qara piar kampaniyasında iştirak etməklə aldıqları qrantları artırmış olurdular. İndi bu imkanların onların əlindən çıxdığını görürlər. Harada Azərbaycana qarşı dinləmələr, müzakirələr varsa, mütləq orada bunlar yer alırlar. Onlara qarşı xalqımızın münasibəti çox mənfidir. Bu, onların təşkil etdikləri mitinqlərdə özünü açıq şəkildə göstərir. Milli Şuranın keçirdiyi mitinqlərə heç min nəfər də gəlmir. Artıq onlar ofis partiyalarına çevriliblər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib