Qarabağ müharibəsi əlili: “Polis mənə 2 min manat pul təklif edir ki, sus...”
Qarabağ müharibəsi əlili: “Polis mənə 2 min manat pul təklif edir ki, sus...”
Daşkəsən rayon sakini, II qrup Qarabağ müharibəsi əlili Hüseynov Firudin Bəhrəm oğlu daxili işlər naziri cənab Ramil Usubova müraciət edib. Müraciəti olduğu kimi dərc edirik.
Cənab nazir !
Mən II qrup Qarabağ müharibəsi əliliyəm. (Ə -n-020669)
2017-ci ilin mart ayının 13-dən 14-ə keçən gecə mən Bakıda olarkən oğrular evimə basqın ediblər. Yaxşı ki həyat yoldaşım və azyaşlı övladım evdə olmayıb. Mən hadisədən xəbər tutan kimi 102-yə zəng edib hadisə ilə bağlı məlumat verdim. Bundan xəbər tutan Daşkəsən RPŞ-dən zəng edib məni təcili şöbəyə çağırdılar və oğruların tapılacağına söz verdilər. Lakin xeyli müddət keçməsinə baxmayaraq oğrular tapılmadı. Mən məcbur olub yenidən 102-yə zəng elədim. Bu dəfə məni yenidən polis şöbəsinə çağırdılar. RPŞ-nin müstəntiqi Qabil müəllim mənə dedi ki, sənə 2 min manat pul verək sən bir daha 102-yə zəng edib şikayət etmə. Mən isə dedim ki, axı nəyə görə şikayət etməyim. Oğrular mənim ailə üzvlərimi öldürə bilərdilər. Həm də siz haradan bilirsiniz ki, mənim evimdən 2 min manat pul oğurlanıb. Mən Qabil müəllimdən soruşdum ki, siz niyə oğruları tapmaq istəmirsiniz. Mənim razılaşmadığımı görən Qabil müəllim dedi ki, get hara istəyirsən şikayət elə.
Mən hadisə barədə Sizin elektron poçtunuza da müraciət etmişəm.
Cənab nazir!
Sizdən xahiş edirəm mən Qarabağ əlilinə kömək edəsiniz və evimə gecə basqın edən quldurların tapılması üçün göstəriş verəsiniz.
NUH.az