Dərc edilib: 19-06-2018

https://www.nuh.az/16219-.html

Gəlin hamımız soyunaq...Libasımızı yox, maskamızı

19.06.2018 17:01:28

Mədəniyyət

Geyimlə  bağlı son vaxtlar cəmiyyətdə gedən müzakirələri nəzərə alaraq  təxminən 10 il əvvəl yazdıqlarımı yenidən paylaşmaq qərarına gəldim.  

 

Gəlin hamımız soyunaq

 

Libasımızı yox, maskamızı

 

Ekranlar fahişələrin ümumilli auksionuna çevrilib

 

«El içində» televerilişində şou əhlinin milli mentalitetimizə  zidd olan, milli mənəviyyatımızı  korlayan açıq-saçıq geyinməsi, daha doğrusu soyunması müzakirə olunurdu. Verilişdə  millət vəkilləri Nizami Cəfərov, Aqil Abbas, telemütəxəssis Zeynal Məmmədli və s. kimi tanınmışlarımız da iştirak edirdi.

Sözün düzü «geyim azadlığı»nın tərəfdarı olduğuma görə  «geyim problemi» mənim üçün ciddi və maraqlı mövzu deyil. Həm də bu gün hamının xorla müzakirə etdiyi «soyunmaq» mövzusu bir az riyakar mövzudur. Çünki   yaşlı- cavan, yaxud dindar  olub-olmamasından asılı olmayaraq heç bir sağlam insan  çılpaq və gözəl bədənə laqeyd qala bilməz. Hansı az-çox zövqü və duyğusu olan insan nəinki UCA ALLAHın kefinin yaxşı vaxtında yaratdığı canlı «naturşitsa»ya, hətta rəssamların və heykəltaraşların əsəri olan cansız şəkillərə və daş «natura»lara (öz prizmasından?!) həyəcansız baxa bilər? Bu aksiomadır və bizdən asılı məsələ deyil.  Bunun əksini söyləmək riyakarlıq olardı.  Bütün bunlara  baxmayaraq, verilişdə  məni narahat edən bəzi nüanslara münasibət bildirməkdən vaz keçə bilmədim.

Verilişdə hörmətli  millət vəkili  Aqil Abbas müğənnilərimizin soyunmaq məsələsi ilə bağlı çıxış edərkən nədənsə sevimli gitaraçımız Rəmişin hərdən «nəşələnməsini»  və bunun sənətkarlığa qəti xələl gətirmədiyini, yəni sənətkarın həyat tərzinin onun sənətinə  aidiyyəti olmadığını bildirdi. Adama deyərlər heç hənanın yeridir? Axı Vaqif Mustafazadənin «buğ problemi»ni, yaxud Rəmişin hərdən «nəşələnməsini»  bilərəkdən və ya bilməyərəkdən Röyanın, Aygünün, Tolikin, Rəqsanənin və digərlərinin soyunması ilə eyniləşdirmək nə Aqil müəllimin yazıçı adına, nə də Rəmişin sənətinə  yaraşan müqayisə deyil.

 

Televizor qəfil gələn çağrılmamış qonaqdır

 

Məncə millət vəkili Aqil Abbasın müqayisəsinin mətləbə heç dəxli yox idi. Çünki söhbət  sənətçinin həyat tərzindən getmir. Mügənni evində, hansısa restoranda, qonaqlıqda, dost məclisində  içib-keflənirsə, nəşələnirsə, şortik geyinirsə, yaxud soyunursa  bunun birbaşa sənə, mənə, cəmiyyətə dəxli yoxdur. Həm də bu cür «problem»i yerindəcə asanlıqla həll etmək mümkündür. Ancaq unutmaq olmaz ki, televizor qəfil gələn çağrılmamış qonaqdır. Görəsən kimsə şalvarını, yaxud tumanını çıxarıb millət  vəkilinin  evinə girsə nə baş verər? Yəqin ki, hörmətli millət vəkili tumançaq qonağı o dünyalıq edər. Ona görə də cinlə şeytanı qarışıq salmaq düz deyil. Söhbət səhərdən axşamadək «evimizin içində şalvarını, tumanını soyunan», alt paltarını nümayiş etdirən və bütün bunlar azmış kimi millətə  əxlaq dərsi keçən mavilərdən, zinakarlardan, qadın alverçilərindən, gedir.

                                            * * *

Azərbaycan cəmiyyəti çimərlikdə şalvarla, yubka-kofta ilə çiməcək qədər də geridə qalmış deyil. Bu gün Allaha çox şükür ki, heç kimdən üç taxta tuman geyməyi, yaxud bəzi qonşu dövlətlərdə olduğu kimi adamların geyiminə nəzarət edən Əxlaq Polisinin  yaradılmasını tələb edən tapılmaz. Və heç kim müasir dəblə, zövqlə  geyinməyin  əleyhinə deyil. Ancaq yataq geyimi ilə səhnəyə çıxmaq, sənətini deyil qasığını, ürəyini yox dalını tez-tez  tamaşaçıya nümayiş etdirmək  və ən əsası özünə tamaşaçı sevgisi deyil «müştəri-klent » axtarmaq  ekranda deyil, fahişəxanada rast gəlinən mənzərədir. Əslində bunların yol qırağında, trassda dayananlardan heç bir fərqi yoxdur. Daha doğrusu, fərq böyükdür. Birincisi, əxlaqsızlıq yuvalarında həbs olunanlardan fərqli olaraq  şou əhli toxunulmazdır. Çünki onların arxasında duranlar yüksək çinli  məmurlardır. İkincisi, yol qırağında, trassda, kafedə tutulanların çoxu 4-5 manata «çörək dalınca» çıxan zavallılardır. Müştəriləri də özləri gündə. Yəni bunlar professional fahişə-filan deyillər. Bu zavallılar ölkədə özəlləşdirmə adı altında zavodları, fabrikləri cinayətkarcasına dağıdıb insanları iş yerindən məhrum etməyin nəticəsidir. Digər tərəfdən bu gün ölkəmizdə mövcud iş yerlərində  verilən əməkhaqqının və mənəvi-psixoloji şəraitin (ağa və nökər münasibətinin) fahişəlikdən də təhqiramiz olması heç kimə sirr deyil. 

Şou əhlinin müştəriləri isə polis rəisləri, prokurorlar, nazirlərdir. Onlar harınlamış məmur təbəqəsinin «yetişdirmələridir». Özləri də utanıb eləmirlər, əlləri ilə üzlərini nəinki örtmür, hətta 8 milyonun qarşısında paçasını aralı qoyub genəlirlər. Həm də başqa ölkələrin qanuni fahişələrindən fərqli olaraq vergi-filan da ödəmirlər.

 Ən biabırçı hal odur ki, təkcə gənc müğənni qızlar deyil, «ağbirçək-nənə» müğənnilərimiz də qoca vaxtlarında  «yeni eşqə» düşüb 10-15 sm-lik yubkada teleekranda əyləşib, ayaqlarını aralayıb özünü nümayiş elətdirirsə, bu artıq gəncliklə bağlı problem deyil, alayı bir şeydir.

 

Bunlar təkcə özləri soyunmurlar,  həm də başqalarını  soyundururlar

 

Əslində problemin kökündə hətta neftdən də çox gəlir gətirən fahişə biznesi dayanıb. Neftin çıxarılmasına kapital qoymalısan, əziyyət çəkməlisən daha nələr,nələr. Ancaq fahişə biznesini şou biznesə calaq etməklə qaz vurub qazan dolduranlar var. Ekran isə bunlar üçün göydən düşmə bir məkandır. Təsəvvür edin bir dəfə ekrana çıxmaqla on  minlərlə potensial müştəri tapırsan və qiymətlər də «kafir yağı»nın yəni neftin qiyməti kimi kəllə-çarxa qalxır. Belə bir imkanı diskotekada, saunada, parkda, küçədə, barda, trassda durmaqla heç cür əldə etmək mümkün deyil. Yəni ekran fahişələr üçün ümumilli auksiondur.

Onu da  unutmaq olmaz ki,  cəmiyyət, əsasən gənclər vitrindəkilərə (ekrandakılara) oxşamağa daha çox can atır. Yəni bunlar təkcə özləri soyunmurlar,  həm də başqalarını  soyundururlar. Ən təhlükəlisi budur.

                                        * * *

Yeri gəlmişkən, görəsən nə üçün Qərbin açıq-saçıq  geyinən qadın mügənniləri, şou əhli  bizi o dərəcədə də qıcıqlandırmır?

Ancaq özümüzünkülərin açıq-saçıq geyimləri «ümummilli problem»ə çevrilib. Bəlkə ortada «milli qeyrət» məsələsi var? Yox, səbəb bu deyil. Xarici müğənnilərin soyunması onların səhnə obrazı, bizimkilərin soyunması isə hamıya bəlli olan «həyat tərzidir». Bizimkilərin tərcümeyi-halı hamımıza məlumdur.

Həm də və ən əsası xaricilər bizim şou əhlindən fərqli olaraq bizlərə «ağbirçəklik», «ağsaqqallıq» edib mənəviyyat dərsi keçmirlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, sənət güclü olanda «soyunmaq» hər mənada arxa plana keçir, hətta «görünməz» olur və cəmiyyətin gözünə girib onu qıcıqlandırmır.      

 

Soyunmaq müasirləşməkdirmi?

 

 

Bizdə çoxları müasirləşməyi  soyunmaqla eyniləşdirir. Ancaq müasirləşmək soyunmaq anlamına gəlmir. Onda gərək dünyanın ən müasir, ən zəkalı milləti olan yaponlar çoxdan lüt-üryan gəzəydi. Onlar nəinki bizim görməmiş və gerizəkalılar kimi soyunmadılar, hətta qədim geyimləri olan kimonanı da qoruyub saxladılar. Türk qohumlarımız olan və adına  «əkə» dediyimiz özbəklər isə bu günədək nə xalatlarından, nə də araxçınlarından imtina etməyiblər. Yəni geyimin müasirliyə-filana o qədər də dəxli yoxdur. Hətta Avropanın göbəyindən gəlmiş  və  ölkəmizdə çalışan xarici şirkətlər öz əməkdaşlarına açıq-saçıq geyinməyə icazə  vermilər. Bizimkilər isə...

Biz başa düşürük ki, atalarımız əbəs yerə «Gözəllik ondur doqquzu dondur» deməyib. Çünki geyim təkcə qüsurları, eybəcərliyi, ayıbı  deyil, hərdən gözəlliyi də gizlədir. Kim öz gözəlliyini, bədən quruluşunu nümayiş elətdirmək, hətta tarixin yaddaşına  həkk etmək istəyirsə uyğun sənət sahələri, rəssam emalatxanaları var. Məsəl üçün stiptiz səhnələrində, yaxud çılpaq-naturşitsa kimi və digər uyğun sahələrdə özünü sınaya bilər. Həm də axı bunların göstərməyə nə sənətləri, nə də baxımlı bir yerləri var.

                                       * * *

Problemin başqa tərəfi odur ki, təkcə şou əhlinin deyil, çoxumuzun,  bəlkə də hamımızın çörəyi tumandan-şalvardan, yəni soyunmaqdan çıxır. Biri şalvarın gödəldir, o biri tumanın, bir başqası vicdanını soyunur. Məhşurlaşmaq, karyera qazanmaq, ad-san, var-dövlət sahibi olmaq üçün işləməyə, çalışmağa, oxumağa, təhsil almağa heç bir ehtiyac yoxdur. Sözün  geniş  mənasında tumanını bir az yuxarı qaldıra, başına keçirə bildinsə yetər. Bu gün kim ki tumanını bir az yuxarı qaldıra bilir hər şey əldə edir. 

 

Verilişdə  tanınmış alim, hörmətli millət vəkili  Nizami Cəfərov isə uzun-uzadı «bəşəri dəyər»lərdən danışdı ancaq mətləb üstünə gəlib çıxa bilmədi. Bilmək olmur bizim tanınmışlar problemi görmür, yoxsa problemə toxunmaqdan qorxub özlərini görməzliyə  vurur.

Yeri gəlmişkən, uzun-uzadı danışmaq, mətləb üstünə gələ bilməmək də cəmiyyyətimizin  ağır problemlərindən  biridir. Əslində bir az qurdalasan bu problem də gedib tuman məsələsinə çıxır. 

Hörmətli telemütəxəssis Zeynal Məmmədli isə cəmiyyətin eybəcərliyinin görünməsi, açılıb-tökülməsi üçün «soyunmaq» məsələsinin  vacib və zəruri olduğunu da vurğuladı.

 

Tumanınızdan, daha doğrusu maskanızdan muğayat olun

 

Bu yerdə yadıma vaxtilə  oxuduğum və adını unutduğum  müəllifin  maraqlı  bir təklifi  düşdü. Müəllif iddia edirdi ki, guya « biz azərbaycanlılar seks sarıdan yanığıq, ona görə də cavanlı-qocalı hamımız soyunmalıyıq». Bir sözlə təklifin müəllifi  millətimizə seksual inqilab təklif edir  və bütün problemlərimizin kökünü  geyim-gecimdə  axtarırdı.

Orasını da qeyd eləyim ki, bu geyim məsələsinin yavaş-yavaş zibili çıxır. Çünki artıq Azərbaycanda şalvarını çıxaranlar, tumanını yuxarı qaldıranlar o qədər çoxalıb ki, daha bu yolla nəsə əldə etmək çətinləşib, mümkün deyil.

 

Bəs onda çıxış yolu nədir? Nə etməli?

 

Biz hamımız qocalı-cavanlı, ziyalı-ziyasız, arvadlı-kişili soyunmalıyıq. Ancaq tumanımızı yox, sifətimizin maskasını çıxarmalıyıq. Bütün millətlərin pis-yaxşı sifəti var, bircə bizdən başqa. Deməli ən yaxşısı maskamızı soyunmaqdır. Ancaq qorxuram maskamızı çıxarandan sonra ələ gələsi, gözə görüləsi bir şeyimiz qalmaya. Ona görə də tumanınızdan, daha doğrusu maskanızdan muğayat olun.

                                         * * *

Biz həm də geydiklərimizin cəmiyik

 

Biz təkcə yediklərimizin deyil, həm də geydiklərimizin cəmiyik. Yediklərimizin hamısı xaricin «otxod» məhsullarıdır. Bu sarıdan ölkəmiz çoxdan dünyanın kanalizasiya turbasına çevrilib. Geydiklərimiz isə Latın Amerikası seriallarına uyğun olaraq tikilmiş  geyimləridir. Hanı ölkəmizin tikiş kombinatları, fabrikləri, geyim mütəxəssisləri? Bu gün şəhərdəki magazaları, ticarət mərkəzlərini ələk-vələk eləsək də yeniyetmə qız uşaqları üçün normal bir geyim tapmaq mümkün deyil.

 Baza yaratmadan «Hamı yerli mal alsın xeyir vətənə qalsın» kimi düşük şüarlarla nə iqtisadiyyatımızı inkişaf etdirmək , nə də

zövqsüz tikilmiş  yerli məhsulları vətəndaşlarımıza bəyəndirmək mümkün olacaq.

 

 Kamran Məhərrəmli  

NUH informasiya agentliyi səhifəsindən çap edilib