Dərc edilib: 20-06-2018

https://www.nuh.az/16223-.html

Lerikdə vəzifəli şəxsin qohumu 7-ci sinif şagirdini zorlayıb? - Atası danışdı

20.06.2018 12:52:04

Kriminal

Dünəndən sosial şəbəkələrdə Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumat yayılıb. "Tolışi Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilovun sözlərinə görə, "Azərişıq"ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elnur Məmmədov Lerikdə məktəbli bir qızı zorlayıb və bunu telefonuna çəkib.

R. Cəlilov qızın 4 aylıq hamilə olduğunu qeyd edib.

“Qafqazinfo” məsələylə bağlı “Azərişıq”ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovla əlaqə saxlayıb. Sədr müavini bildirib ki, söylənilənlər ona qarşı qurulmuş bir təxribatdır

“Bu xəbəri yayanları məhkəməyə verirəm. Tamam böhtandır. Sübut olunmadığı təqdirdə cinayət işi açdıracam. Bu üsullarla məni şantaj edirlər. Mən Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə rəisi idim. Bu kampaniya o zaman da davam edirdi. Mən həmin jurnalisti məhkəməyə verdim, cinayət işi açıldı və  2 il 6 ay da həbs verildi. İndi də bu məsələylə bağlı o qəzeti məhkəməyə verirəm. Qoy gəlsinlər, sübut etsinlər". 

Hadisə ilə bağlı sosial şəbəkələrdə #lerikdәtәcavüzәsusma aksiyası başladılıb. Yüzlərlə insanın qoşulduğu aksiyada uşaqlara qarşı zorakılıq, təcavüz halları qınanılır.

Xəbəri ilk yayan Rafiq Cəlilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, zorlandığı deyilən qızın ailəsi artıq Leriki tərk edib: “Aydın Məmmədov isə dünən həmin qızı evinə aparıb və hər kəsə “gəlinimdir” deyib. Əgər bu hadisə olmayıbsa, onda niyə qızı tələsik evinə aparıb? Dünən mənə Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmuru da zəng edib məsələni araşdırdıqlarını dedi”.

Lerik rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın hamilə qalması ilə bağlı onlara hər hansı bir müraciət daxil olmayıb.

Prokurorluqdan isə məlum hadisəylə bağlı cinayət işi açılmadığı bildirilib: “Rəsmi olaraq şikayət yoxdur, sadəcə ümumi məlumatlar var. Hələ ki, fakt təsdiqini tapmayıb”.

Zorlandığı deyilən 13 yaşlı qız S.-in təhsil aldığı Lerik rayon tam orta internat məktəbinin direktoru Asəf Bədəlov “Qafqazinfo”ya açıqlamasında deyib ki, hadisə ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır: “Bu cinayət işidir, xahiş edirəm onlarla əlaqə saxlayın. Qız daim dərslərinə gəlirdi, son günə qədər də gəlib”.

A.Bədəlov yetkinlik yaşına çatmayan qızın səhhətində hər hansı bir dəyişikliyin olub-olmaması ilə bağlı sualı eşidən kimi telefonu söndürüb. Daha sonra isə zənglərə cavab verməyib.

Əldə etdiyimiz məlumata görə, ailənin 4 uşağının hər biri həmin internat məktəbində təhsil alır.

***

13 yaşlı S.-nin atası Rasim Təhməzov azxeber.com-a açıqlamasında zorlanma halını təkzib edib. Bildirib ki, qızı anadan olanda Elnur Məmmədovla beşikkəsdi edilib: “Qızımın 14 yaşı var. Elnur qızımı qaçırmaq istəyib, ancaq verməmişəm. Demişəm qoy qızımın yaşı tamam olsun sonra verəcəm. Mən də övlad toyu görmək istəyirəm. Bizim onlarla qohumluq əlaqəmiz olduğuna görə qızımı istəyiblər vermişəm, adətə görə biz tərəfdə beşikkəsdi var, ancaq qız həddi-buluğa çatana qədər mənimlədir. Qızımı heç kim zorlamayıb. Bu artıq sözlərdir yazırlar. 

Polis idarəsindən mənimlə heç kim əlaqə saxlamayıb. Elnurun 24 yaşı var, əsgərlikdən yeni qayıdıb. Ağlı başında olan, tərbiyəli oğlandır”.

Maraqlıdır ki, Aydın Məmmədov əməkdaşımızın suallarını cavablandıran zaman sözügedən ailə ilə hər hansı bir əlaqələrinin olmadığını qeyd edib.

“Qardaşınız oğlunun həmin qızla evlənəcəyi deyilir, doğrudurmu?”sualımıza isə cavab olaraq bu söhbətlərin yalan olduğunu və mövzunu tirajlayan media orqanlarını məhkəməyə verəcəyini bildirib.


NUH informasiya agentliyi səhifəsindən çap edilib