Dərc edilib: 25-06-2018

https://www.nuh.az/16290-.html

Vətəndaş Mərkəzi Klinikadan 16 min manatını tələb edir

25.06.2018 19:00:10

Hadisə

Vətəndaş  Mərkəzi Klinikadan 16 min manatını tələb edir

 

Bakı şəhər sakini,  Qarabağ  müharibəsi veteranı Məcid Yusifov  Mərkəzi  Klinik Xəstəxanada rastlaşdığı  problemlə bağlı  NUH.az  saytına müraciət edib.

Vətəndaşın müraciətini  olduğu kimi dərc edirik:

 

“Mən böyrəyimdəki problemlə bağlı  Mərkəzi Klinik Xəstəxananın  “Orqan və Toxumaların Transplantasiyası” şöbəsinin cərrahı  Tariyel  Nadirova müraciət etdim. O mənə  böyrək köçürülməsinin vacibliyini bildirdi. Və donor tapılandan sonra  mənim və donor şəxsin analizləri üçün  16 min manat pul ödədim. Analizlər başa çatandan sonra  Tariyel Nadirov mənim və donor şəxsin böyrəyinin “panel”ini  yoxlayandan sonra dedi ki, sizin “panel”iniz uyğun gəlmir. Mən soruşdum ki, əgər “panel” uyğun gəlmirdisə, niyə bunu mənə əvvəldən demədiniz və nə üçün mənim  16 min manat pulumu aldınız? Tariyel Nadirov mənə bildirdi ki, mən Türkiyədə oxumuşam, orda mənim xocam var, sən də, donor şəxs də gedin Türkiyəyə. Mən Türkiyəyə getdim orda da 8 min dollar xərcim çıxdı. Və məlum oldu ki, donorla mənim böyrəyim uyğun gəlmir, əgər böyrək köçürməsi əməliyyatı  olarsa mən də, donor da həyatımızı itirə bilərik. Və biz geri qayıtmalı olduq. Mən Tariyel  Nadirovdan pulumu geri tələb edəndə dedi ki, get hara istəyirsən şikayət elə”.  


Şikayətçi bildirir ki, dəfələrlə xahiş, tələb etsəm də Tariyel Nadirov mənim pulumu qaytarmır və deyir ki, pul Mərkəzi Klinikanın hesabına daxil olubsa, geri qaytarıla bilməz.

 

NUH.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün  Tariyel Nadirovun özü ilə telefon əlaqəsi saxlayıb. Nadirov isə kobud formada müxbirimizə bildirib ki, məni narahat etməyin, qoy şikayətçi məhkəməyə müraciət etsin, bir də mənə zəng etməyin.

Biz redaksiya olaraq  vətəndaşın şikayətini gündəmdə saxlamağa  çalışacağıq. Qoy, müvafiq orqanlar  özünü məşhur şəfa ocağı hesab edən klinikanın vətəndaşlara qarşı cəllad kimi davranması ilə bağlı düşünsünlər.

 

       NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib