Dərc edilib: 29-06-2018

https://www.nuh.az/16339-.html

“Sumqayıt yolunun təmirində “pul yemək” məqsədi var”

29.06.2018 15:40:10

Reportaj

Milli Məclisin bu gün növbədənkənar iclasında millət vəkilləri son günlər Bakı-Sumqayıt yolunda yaranan tıxac  probleminə sərt reaksiya veriblər.


“Qafqazinfo” xəbər verir ki, deputat Fazil Mustafa əvvəlcə bildirib ki, iki ildir “Bakıxanov”istiqamətində  metro stansiyası  açılacağını deyirlər: “Amma bu iki il müddətində büdcədən metro stansiyası çəkilməsi üçün vəsait ayrılmır. Halbuki indi təsdiq etdiyimiz büdcə 2 milyard artırılıb. Stansiyalar çəkilməsə, bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq. Görürsünüz ki, Xırdalan yolu bağlanıb, hər yer iflic vəziyyətinə dönüb. Ona görə imkan varkən metro tikintisi həyata keçirilmədir. İndi Xırdalan yolunda olan vəziyyəti görürsünüz. İnsanlar neçə saat tıxacda qalırlar”.

Digər deputat Fəzail Ağamalı da qeyd edib ki, 20 Yanvar- Masazır istiqamətində dəhşətli  vəziyyət hökm sürür: “Elə bir vəziyyətdir ki, söz tapıb deyə bilmirsən. Alternativ  yollar da yoxdur. Həmin yol 4 il bundan qabaq çəkilib. Bir nəfər dilli-dilavər jurnalist çıxıb deyir ki, yolun təmirinə ehtiyac var idi. Mən tam məsuliyyətlə deyirəm ki, o yolda çat yox idi. Orda yəqin ki, pul yemək, başqa məqsədlər var idi. Mən Naxçıvanla bağlı deyə bilərəm ki, orda yüksək yol mədəniyəti var. Bakıda isə bu yoxdur. Orada yolların kənarında ağaclar, yaşıllıqlar salınıb. Mən “Azəravtoyol” a deyərdim ki, gedib Naxçıvandan yol çəkməyi öyrənsinlər”.

Spiker Oqtay Əsədov qeyd edib ki, onun da  yaşadığı yer Sulutəpə ərazisidir: “Mən də eyni əziyyəti çəkirəm. Amma yollarımıza nə olub ki?! Sadəcə yol kənarında evlər tikilib. Yolun genişləndirilməsinə həmin evlər mane olur. Amma bu məsələnin də üzərində iş gedir”.

***

Deputat Cavid Qurbanov isə həmkarları tərəfindən irəli sürülən “Bakıda yaxşı yol çəkilmir” ittihamlarına cavab verib. O, həmkarlarını  ədalətli olmağa çağırıb. Bildirib ki, Bakının hər bir tərəfi su ilə əhatə olunduğundan yolları  genişləndirmək olmur: “Buna görə də problemlər yaranır. Metro stansiyalarına gəlincə, biz daha çox yerüstü  xətlərin çəkilməsinə üstünlük veririk. Çünki bu daha ucuz  variantdır, həm də  keyfiyyətlidir”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib