Dərc edilib: 03-07-2018

https://www.nuh.az/16387-.html

Azərbaycanda işıqlar söndü - Problem Mingəçevir İES-dadır

03.07.2018 07:37:47

Cəmiyyət

Ölkə ərazisində işıq verilişi dayanıb. "Qafqazinfo" xəbər verir ki, 00:20 radələrindən etibarən işıqlar sönüb.

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev saytımıza açıqlamasında bildirib ki, problem ciddidir: "Hazırda işə gedirəm. Ətraflı məlumat veriləcək".

***

Mingəçevir Su Elektrik Stansiyasında generatorlardan birində problem yarandığı bildirilir. Hazırda hüquq-mühafizə orqanların və əlaqədar qurumların rəhbər şəxsləri iş başına qayıdıb. Faktla əlaqədar təxirəsalınmaz tədbirlər aparılır.

***

Mingəçevir İcra Hakimiyyətinin rəsmisi musavat.com-a bu barədə açıqlama verib. O bildirib ki, Mingəçevir Su Elektrik Stansiyasının (İES) bloklarının birində qəza baş verib: “Mingəçevir İES-in bloklarının birində qəza baş verib. Ona görə də ölkəyə elektrik enerjisinin verilməsində problem yaranıb. Qəzanın nəticəsi aradan qaldırılacaq. Hazırda çalışmalar davam edir”.

***

Əldə etdiyimiz məlumata görə, Mingəçevir İES-in 1-ci Abşeron xəttində generatorlardan birində alışma baş verib. Yanğın dərhal söndürülsə də, ölkə ərazisində elektrik enerjisinin verilişi dayanıb. Enerjinin bərpası üçün ilk cəhd uğursuz olub. Bərpa istiqamətində tədbirlər görülür.

***

APA-nın məlumatına görə, partlayış 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və  yarımstansiyada baş verən yanğın söndürülüb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib