Dərc edilib: 26-07-2018

https://www.nuh.az/16667-.html

“Dəmiryol” rəsmisindən qeyri-adi açıqlama - “Hər yerindən duran...”

26.07.2018 17:53:31

Maqazin

“Gediş haqlarının qaldırılması ciddi qiymət artımı demək deyil”.

 

Bunu kommersant.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov deyib. Onun sözlərinə görə, bu, tənzimlənmə üçündür:

"Tariflərin bahalaşması deyəndə, bizdə aşağı yerlərin qiyməti qaldırılıb. Buna səbəb vətəndaşların, qiymət fərqi olmadığına görə kassaya yaxınlaşıb aşağı yerləri almasıdır. Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur. 2 aşağı yer alınıb, qalır 2 yuxarı yer. Sərnişinin yerinə özünüzü qoyun və fikirləşin ki, "Azərbaycan Dəmir Yolları" QSC düzgün qərar verib, yoxsa yox. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər. 4 nəfərlik ailə gələndə onlar üçün problem olmasın. Yəni, yerlər bərabər satılsın. Bu, Avropa, MDB praktikasında, xüsusilə də Rusiyada uzun illərdən bəri təsdiq olunan bir metoddur. 

SV-də tələbat yüksəkdir. Orada qiymət çox aşağı olduğuna görə 10 faiz qaldırılıb ki, qiymət tənzimlənsin. Başqa səbəb ola bilməz. Əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yaranır. Qiymətlər stansiyaya görə (məsafədən asılı olaraq) dəyişir. Məsələn, 15 manata olan yer 17 manat olubsa, 20 manata olan yerin qiyməti isə hazırda 22 manatdır".

Bu, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi nümayəndəsi tərəfindən kupe və plaskart qiymətlərinin qalxmasına gətirdiyi əsasdır. Bildirmək istəyirik ki, xəbər verdiyimiz kimi, qiymət artımı SV vaqonlara da şamil edilib. Kiçik xatırlatma ilə nəzərinizə çatdıraq ki, SV vaqonlarda yuxarı-aşağı yer yoxdur, sadəcə 2 yer var və SV vaqonlar elit yer sayılır. M.Şıxəmirov buna da bir əsas gətirib:
"SV vaqonda da qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı. SV- ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi var idi. O fərqi aradan qaldırmaq üçün qiyməti qaldırdıq. SV-yə əsasən imkanlı şəxslər bilet alır."

NUH informasiya agentliyi səhifəsindən çap edilib