Dərc edilib: 01-08-2018

https://www.nuh.az/16736-.html

20 qəpiyə güllə atan şair

01.08.2018 13:37:22

Cəmiyyət

Əvvəllər də kasıb idim, baxmayaraq ki, müəllim işləyir, elmi iş yazır, Elmlər Akademiyasında çürüyürdüm. Çox vaxt işə getməyə yol pulum da olmurdu. Allahın, daha doğrusu, Mərkəzi Bankın 20 qəpiyinə Şuşanın yaylaqları kimi həsrət qalmışdım. Belə vəziyyət evdə sıfır tam onda iki yaşlı oğluma qədər hamımızı incidirdi, həyatdan bezdirirdi, yorurdu. Beş yaşlı qızım isə daha çox narahat olurdu...


Nə vaxt ki, üzüqara əmək haqqı kartıma pul köçür, ya da hardansa qonarar alıb evə gəlirdim, böyük qızım tez stolun üstündən bir dənə 20 qəpiyi əkişdirirdi. Guya bizdə onu görmürdük. Sanki, uşaq da bilirdi ki, pulu borclara verəcəyik, üç gündən sonra təzədən 20 qəpik axtaracağıq. Günü bu gün də qızım öz 5 yaşlı çantasında 20 qəpik saxlayır. Ki, atasının işə getməyə yol pulu olmayanda gətirib mənə versin və dünyanın ən xoşbəxt balası olsun.

Siz heç ailəlikcə divanın altından 20 qəpik axtarmısızmı? Bizdə tez-tez olur belə şeylər. Mən divanı qaldırıram, körpə oğlum arabasından məsum-məsum tamaşa eləyir, qızlarım qəpik axtarır, yoldaşım da kənardan həyəcanla bizə göstəriş verir: yavaş ol, divan uşaqların üstünə düşər!

Ailəlikcə divanın altına səfərbər olub 20 qəpik tapanda bilirsiz nə qədər xoşbəxt oluruq? Qızlarım sevincindən atılıb düşür, oğlum isə hələ nə baş verdiyini anlamır. Sadəcə, öz təbəssümü bizi ürəkdən təbrik edir. Mən qəhrəman ata kimi altıma bir stul çəkirəm, yoldaşım da bizi mükafatlandırmaq üçün mətbəxə üz tutur. Ki, bizə çay gətirsin, 20 qəpiyi qeyd eləyək. 

Bu gün saytlardan oxudum ki, avtobusların gediş haqqı qalxıb olub 30 qəpik. Elə bil başıma daş düşdü. İlahi, indi mən qızıma nə təhər izah edəcəm ki, sənin çantanda saxladığın 20 qəpik artıq atanı işə də aparıb çıxarmayacaq. İndi mənim yolpulum olmayanda və qızım sevinə-sevinə atasına 20 qəpik uzadanda mən ona nə deyəcəm? İlahi, qızıma özün cavab ver.

Ən kədərlisi isə odur ki, daha divanın altında 20 qəpik axtarmayacağıq. Oğlum təbəssümə həsrət qalacaq, qızlarım sevincindən atılıb-düşməyəcək, mən altıma stul çəkib kişilənməyəcəm, yoldaşım da bizə çay gətirməyəcək.

Allah Tarif Şurasının bəlasını verməsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib