Dərc edilib: 15-08-2018

https://www.nuh.az/16854-.html

Zərdab sakini Fikrət Məmmədova müraciət etdi

15.08.2018 16:58:28

Cəmiyyət

Ata  6  yaşlı  qızının  həyatını  xilas  etmək  istəyir  

 

Zərdab rayonu  Qoruqbağı kənd sakini,  04.08.1990-cı il  təvəllüdlü  Məmmədov  Səxavət  Mayor  oğlu öz həyat faciəsi və məhkəmə hakimlərinin qəbul etdiyi  ədalətsiz  qərarlarla  bağlı  NUH.az saytına müraciət edib.


 Onun müraciətini  olduğu kimi dərc edirik:

 

“ Mən  14 noyabr 2011-ci il tarixdə  Hacıqabul  rayon sakini  Məmmədova Samirə Rəfail qızı ilə qanuni  ailə həyatı qurmuşam. 2012-ci il oktyabrın 13-də  Nuray  adlı qız övladımız dünyaya gəlib. Sözün düzü, evlənəndə Samirənin xəstə olduğunu  bilmirdim. Sonradan bildim ki, Samirə atası evində müntəzəm müalicə olunurmuş.

Samirə dəfələrlə  birgə yaşadığımız atama məxsus evi yandırıb, qızımı alovun içərisinə atıb yandırmaq, öldürmək  istəyib. Biz uşağı güclə onun əlindən alıb xılas etmişik. Mən ailəmin dağılmaması üçün Samirəni Respublika Xəstəxanasında 5 ay, Medstayl Hospitalda uzun müddət müalicə etdirsəm də  faydası olmayıb.  Hətta həkimlər mənə bildirib ki, belə xəstə ilə evlənmək olmazdı. Yoldaşım uzun müddət  isteriya  tutması  diaqnozu ilə Zərdab Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatında olub. Bu  Zərdab  RMX-nın  15.03.2018-ci il tarixli, 02-901  saylı,  şöbə müdiri X.Teymurovanın və həkim-nevropatoloq  F.Mürsəlovanın imzası və möhürü ilə təsdiq olunan  arayışından da görünür. Arayışda qeyd edilir ki: “Verilir  Zərdab rayonu  Qoruqbağı kənd sakini Məmmədova Samirə Rəfail qızına ondan ötəri ki, o həqiqətən də “ İsteriya tutması “  diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasınln Poliklinika şöbəsində dispanser  qeydiyyatdadır. Arayış Hacıqabul rayon məhkəməsinə təqdim etmək üçün verilir”.

Mən bütün baş verənlərdən  sonra Samirədən boşanmaq qərarına gəldim.

Və Zərdab rayon məhkəməsinin hakimi Tahir Qubadovun 28 fevral 2017-ci il tarixli  qərarı  ilə biz  boşandıq. Ancaq mən qızım Nurayın  psixoloji xəstə olan anasında qalmasına etiraz etdim. Çünki qızımın həyatı üçün hər an təhlükə var. Axı  azyaşlı uşağı psixi xəstənin himayəsinə necə vermək olar ?  Ancaq təəssüf ki, məhkəmə hakimləri mənim haqlı tələbimi nəzərə almadılar. Və nəticədə Zərdab, Hacıqabul rayon məhkəmləri  qanunsuz qərar verdilər. Şirvan Appelyasiya Məhkəməsi isə onların qərarını 17 iyul 2018 ci il tarixdə  təsdiq etdi. Təsəvvür edirsiniz  10 dəfə keçirilən məhkəmə proseslərinə qarşı tərəf 1 dəfə də olsun gəlməyib. Və hakimlər qarşı tərəfin iştirakı olmadan qərar veriblər. Mən ədliyyə naziri,Məhkəmə- Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovda  xahiş edirəm ki, qanunsuz məhkəmə qərarları ləğv edilsin və işə qanuni baxılsın.”

 

Qarşı tərəfin  mövqeyini dərc etməyə hazırıq. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib