Dərc edilib: 16-08-2018

https://www.nuh.az/16870-.html

Kəmaləddin Heydərovun yaxın qohumuna ittiham elan olundu

16.08.2018 15:10:32

Reportaj

Dövlət Gömrük Komitəsində (DGK) yüksək post tutan vəzifəlilərlə bağlı istintaq davam edir. AzEuroNews.com xəbər verir ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər.

 

Fövqəladə Hallar naziri Kəmaləddin HeydərovFövqəladə Hallar naziri Kəmaləddin Heydərov

 

Sadiq Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumudur və məlum əməliyyatdan sonra istintaqdan kənar qala bilmişdi. Bunda “fövqəlnazir”in rolu haqda da mətbuatda yazılar dərc olunub. Aldığımız məlumata görə, Sadiq Abduyev dünən istintaq orqanına çağrılıb və ona Cinayət Məcəlləsinin 200-1.2 (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı) 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddələri ilə ittiham elan olunub. Sadiq Abduyev barəsində ev dustaqlığı qəti-imkan tədbiri seçilib.

 

 

Ötən müddət ərzində istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilirdi. Sadiq Abduyev isə “dərman mafiyası” ilə əlaqələri olmamış kimi gündəlik həyatını yaşayırdı. Mətbuatda yazılanlardan belə aydın olurdu ki, “dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmaqla əhaliyə satılıb. Bu günə qədər istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Onların səlahiyyət həddi Bakı Hava Limanındakı xüsusi mühafizə zonasına mal-materialların buraxılması üçün yetərli olmayıb. Belə əmrlər verilməsi Sadiq Abduyevin səlahiyyətində olub ki, o da azadlıqda gəzirdi. Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilmişdi. Hazırda onunla bağlı məlumat yoxdur.

 

 

Fikrət Qədiməliyevə gəlincə isə onu da həbs etməyiblər. Tibb xidməti generalının barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmə bunu Fikrət Qədiməliyevin xəstə olması ilə əlaqələndirib və barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri çıxarılıb. Digər aşağı vəzifəli gömrükçülərin isə istintaqa mane ola biləcəkləri ehtimalı əsas götürülməklə barələrində həbs-qətimkan tədbirləri seçilib.

Sadiq Abduyevin ölkəyə mobil telefonların keçirilməsi və bahalı dekorativ güllərin daşınmasına nəzarət etdiyi haqda da iddialar var.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib