Dərc edilib: 16-08-2018

https://www.nuh.az/16872-.html

Ata ilə ana ayrıldı, uşağı “bölə” bilmirlər - İDDİA

16.08.2018 16:09:47

Cəmiyyət

Zərdab rayon sakini məhkəmə hakimlərinin qəbul etdiyi ədalətsiz qərarlardan gileylənir.


Bununla bağlı Cebhe.info-ya üz tutan Qoruqbağı kənd sakini Səxavət Məmmədovun sözlərinə görə, qanunsuz məhkəmə qərarlarının ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə rəsmi müraciət ünvanlayıb.

Öz həyat faciəsindən söz açan şikayətçi nəhayət ki, ədalətin bərpa olunmasını tələb edir:

“Mən 2011-ci ilin noyabrında Hacıqabul rayon sakini Məmmədova Samirə ilə rəsmi nikahla ailə qurmuşuq. 2012-ci il oktyabrında Nuray adlı qız övladımız dünyaya gəlib. Sözün düzü, evlənəndə Samirənin xəstə olduğunu bilmirdim. Sonradan bildim ki, Samirə atası evində müntəzəm müalicə olunurmuş. O, dəfələrlə birgə yaşadığımız atama məxsus evi yandırıb. Hətta qızımı alovun içərisinə atıb yandırmaq, öldürmək istəyib. Uşağı güclə onun əlindən alıb xılas etmişik. Ailəmin dağılmaması üçün Samirəni Respublika Xəstəxanasında 5 ay, Medstayl Hospitalda isə uzun müddət müalicə etdirdim. Amma faydası olmadı. Hətta həkimlər mənə bildirdi ki, belə xəstə ilə evlənmək olmazdı. Yoldaşım uzun müddət isteriya tutması diaqnozu ilə Zərdab Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatında olub. Belə ki, Zərdab RMX-nın 15.03.2018-ci il tarixli, 02-901 saylı, şöbə müdiri X.Teymurovanın və həkim-nevropatoloq F.Mürsəlovanın imzası və möhürü ilə təsdiq olunan arayışı da var. Mən bütün baş verənlərdən sonra Samirədən boşanmaq qərarına gəldim.

Zərdab rayon məhkəməsinin hakimi Tahir Qubadovun 28 fevral 2017-ci il tarixli qərarı ilə biz boşandıq. Ancaq mən qızım Nurayın psixoloji xəstə olan anasında qalmasına etiraz etdim. Çünki qızımın həyatı üçün hər an təhlükə var. Axı azyaşlı uşağı psixi xəstənin himayəsinə necə vermək olar? Ancaq təəssüf ki, məhkəmə hakimləri mənim haqlı tələbimi nəzərə almadılar. Nəticədə Zərdab, Hacıqabul rayon məhkəmələri qanunsuz qərar verdilər. Şirvan Apellyasiya Məhkəməsi isə onların qərarını 17 iyul 2018 ci il tarixdə təsdiq etdi”. Şikayətçinin dediyinə görə keçirilən 10 məhkəmə prosesində qarşı tərəf iştirakçı olmayıb. Bununla belə hakimlər qarşı tərəfin iştirakı olmadan qərar veriblər. Səxavət Məmmədov hazırda qızının təhlükədə olması ilə bağlı narahatlığını ifadə edib. O, mətbuat vasitəsilə ədliyyə naziri, Məhkəmə - Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovdan qanunsuz məhkəmə qərarlarının ləğv edilməsini və işə qanuni baxılmasını xahiş edib”.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib