Dərc edilib: 20-08-2018

https://www.nuh.az/16910-.html

Bakı metrosunda soyğunçular yaxalanıb - Biri qadındır

20.08.2018 14:56:25

Reportaj

Avqustun 17-də saat 23 radələrində metronun “N.Nərimanov” stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən, onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olmaları müəyyən edilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini olan bir nəfərin içərisində 71 manat və bank kartları olan pul kisəsini soyğunçuluq yolu ilə alıb aradan çıxmaq istəyirlərmiş.

Onların üzərlərinə şəxsi axtarış keçirilən zaman T.Əliyevdən şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin, Nərminə Abbasovanın üzərindən isə başqa bir şəxsə məxsus pulqabı aşkar edilərək götürülüb.

Əməliyyat tədbirləri ilə o da müəyyən edilmişdir ki, N.Abbasova həmin pulqabını Nərimanov rayonu ərazisindəki mağazaların birində paytaxt sakini olan bir qadından oğurlayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib