Dərc edilib: 25-08-2018

https://www.nuh.az/16954-.html

Allaha and olsun narkodispanseri mən yandırmamışam

25.08.2018 10:01:16

Reportaj

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Yanğın zamanı həlak olan diş həkimi Azər Sədrəddinovun qardaşı, hüquq müdafiəçisi Murad Sadəddinov ittiham aktının surətini almadığını bildirib. 

T.Məmmədhəsənovun vəkili Vasif İsrafilov vəsatət verərək bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi olmadığı üçün onun barəsindəki cinayət işinə xitam verilməlidir. 

M.Abdullayevin vəkili Ceyhun Yusifov da müvəkkili barəsində eyni vəsatət verib: 

“Bu hadisə qəsdən törədilib, müvəkillim də qurban seçilib. O, 160 manat maaş alan sıravı işçi olub, heç bir səlahiyyəti olmayıb”. 

Dövlət ittihamçısı Nəsir Bayramov isə sübutların araşdırılmadığını bildirərək deyib ki, T.Məmmədhəsənov və M.Abdullayevin təqsirli olub-olmadığına qərar vermək olmaz: “Buna görə də vəsatətlər təmin edilməməlidir”. 

Zərərçəkmişlər də vəsatətin təmin edilməməsini istəyiblər. Məhkəmə vəsatətləri təmin etməyib. 

Təqsirləndirilən Məhəmməd Məmmədov ona qarşı irəli sürülən ittihamı rədd edib: “Göydəki bir Allaha and olsun ki, mənim bu işdən xəbərim yoxdur. Bunlar hamısı mənə qarşı olan şər-böhtandır”. 

Zərərçəkmişlər yerdən replika deyərək Dispanser rəhbərliyindən şikayətləniblər: “Hər dəfə 800 manat pul verirdik. Oranın rəhbəri öz evini təmirsiz saxlamaz, amma yararsız yerə o qədər adamı yığmışdılar”. 

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses avqustun 28-də davam etdiriləcək. 

Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər xəstə ölüb, 29 nəfər xəsarət alıb. M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilir. T.Məmmədhəsənov və M.Abdullayev yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham edilir. A. Məmmədova isə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. O həbs edilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıb. Mərkəzin digər şöbə müdiri Azad Ələkbərov da həbs edilib, onun səhhəti ilə bağlı cinayət işi ayrıca icraata götürülüb və hələ məhkəməyə göndərilməyib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib