Dərc edilib: 25-08-2018

https://www.nuh.az/16966-.html

İşıq ver, Baba müəllim, işıq ver…

25.08.2018 14:33:21

Hadisə
Rüşvət və korrupsiyanın qarşısını almaq üçün ölkədə Asan Xidmət yaradıldı. Əsas sahələri də bu xidmətin nəzarətinə verdilər ki, əlavə problemlər yaranmasın, rüşvət olmasın və sairə. Amma deyir sən saydığını say, gör yerlərdəki harın məmurlar nə sayır. Nə Asan Xidmət, nə qanun, nə sənəd. Hamsı onlar üçün boş cəfəngiyyatdır. 

İnsafən demək lazımdı ki, Asan Xidmət işini dəqiq, vaxtında və konkret şəkildə görür. Sənədləşdirir, qanuniləşdirir, əməkdaşları vətəndaşla normal davranır və sairə.
Qalır məsələnin həllinə ki, bunu da yerli qurumlar etməlidir. Yəni, icra etməlidir. Əslində nə baş verir? Problemi kim və niyə yaradır? Niyə insanları narazı edirlər? Bu kimə və kimlərə lazımdı? Qanuniləşdirilmiş, dövlət rüsumu ödənmiş xidmət niyə icra olunmur?
Neftçala rayonunda vətəndaş evinə elektrik enerjisinin çəkilişini həyata keçirmək üçün 5 dəfə ya Masallı, ya da Sabirabad Asan Xidmət Mərkəzlərinə getməldir.
Niyə? Çünki, vətəndaşa sənədlərini hazırlamaq üçün idarədə yalan vəlumat verilir. Bu sənədi apar, o sənədi gətir. O qaldı, bu səhv oldu və sairə. Ona görə belə edirlər ki, vətəndaş bezsin və sonda desin ki, ala bu rüşvəti özünüz həll edin. Faktiki olaraq rayonda belə hallar mövcuddur və bu işlə məşğul olan adamların konkret adlarını yaxın günlərdə açıqlayacam.
Nəhayət sənədləri həll edib, rəsmi ödənişi ödəyib işıq idarəsinə gedirsən ki, gəlib sayğac qoyub, enerji ilə təmin etsinlər, qaragünlü vətəndaş heç olmasa işıq görsün.
Əsl müsibətdə elə budur. Neftçala işıq idarəsində nə vətəndaşı dinləyən var, nə də sənədi qəbul edən. Ümumiyyətlə, sənədləri qəbul belə etmirlər, etmək istəmirlər.

 

Niyə? Çünki sənədin arasında “şirinlik” (rüşvət) yoxdu. Hər kəs öz kefi damağındadır. Vətəndaşın 5 qəpik də qiyməti yoxdur bu idarədə. Rəsmi ödənişi edib 15 gün gözləyirsən ki, bəlkə gəlib sayğac qoydular. Yenə səs soraq yoxdu. İşin ən qəribə tərəfi də var. Problemin həlli üçün “Azərişıq”a müraciət edirsən və qurum dərhal araşdırmağa başlayır. Amma yenə də nəticə yoxdur. Yenə Neftçala işıq idarəsindən kimsə maraqlanmır ki, nə olub, nə baş verib.

Belə çıxır ki, bu idarə müdirinə və ya onun satış şöbəsinin rəhbərinə “Azərişıq” ASC-nin sədri Baba Rzayev xahiş etməldir ki, sənədləri qanuni olan vətəndaşa sayğac qoysunlar? Mən inanmıram ki, onlar Baba Rzayevi də eşitsinlər.
İşın ən gülməli tərəfi odur ki, Neftçala işıq idarəsinin başbilənləri özlərini sudan quru çıxarmaq üçün əsaslandırmağa çalışır ki, ödəniş başqa bankda ödənilib. Bu lap biabırçı və gülüncdür. Heç olmasa elə səbəb gətirin ki, gülüş obyekti olmayın. Əvvəla Asan Xidmətin bankı yoxdu. Diğər tərəfdən də qəbzin üzərində açıq görünən möhürdə yazılıb ki, “Kapital Bank” Masallı şöbəsi. Masallı Asan xidmət mərkəzinin 2-ci mərtəbəsində Kapital Bank-ın filialı yerləşir. Ödənişlər də burda edilir. Bu sadəcə biabırçılıqdı, utancdır. Niyə belə deyirlər? Bunun da səbəbi var. Çünki rayon işıq idarəsindəki “alim”lərə yaxınlaşıb sənədləri təqdim etmək istəyirsən, baxmırlar, eşitmirlər, dinləmirlər. Vətəndaşı heç saya saymırlar. Nəticədə də özlərini gülünc vəziyyətə qoyub gülməli arqumentlər gətirirlər. Beləcə, günü-günə calayıb vətəndaşı ışıqsız qoyurlar, Baba Rzayevin qarşısında “hər şey normaldı” deyib xal qazanırlar. Amma heç də heç nə normal deyil yoldaş Rzayev. Sizin Neftçala rayonundakı işıq idarəsinin yeni rəhbərliyi, köhnə idarə müdiri Vurğun Şirəliyevin yolunu gedir, işləmir, xidmət göstərə bilmir.
İllərdir ölkə mətbuatı yazırdı ki, ölkənin enerji sektorunda problemlər var. Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait aidiyyatı üzrə xərclənmir. Bəzən mətbuat nümayəndlərini topa tuturdular ki, cəfəng yazırlar, böhtan atırlar və sairə. Amma bir ay əvvəl “Azərenerji” rəhbəri Etibar Pirverdiyevin fəaliyyətsizliyi nəticəsində bütün ölkə qaranlığa qərq oldu. İki gün Azərbaycanı qaranlıq bürüdü.
Eyni vəziyyətlə nə zamansa “Azərişıq”da rastlaşacaq. Eyni aqibəti Baba Rzayev də yaşayacaq. Çünki, yerlərdəki idarələrin rəhbərləri işləmir, işləyə bilmir, öz səhvlərini vətəndaşın böynuna yükləməyə çalışırlar. Ölkənin enerji sektoruna milyardlar ayrılıb ki, vətəndaşlar fasiləsiz enerji ilə təmin olunsunlar. Amma və lakin bu gün sənədləri qaydasında olan, ödənişini 15 gün əvvəl etmiş bir vətəndaş evinə işıq çəklişini həyata keçirə bilmirsə, demək ki, bu sistemdə boşluq var və bu bir gün özünü ciddi şəkildə göstərəcək. O zaman Etibar Pirverdiyev kimilər müşavirədə başını aşağı salıb bütün xalqdan üzr istəyəcək ki, canını həbsdən, məsuliyyətdən qurtarsın. Yenə təkrar edirəm, yerlərdə işıq idarələrinin müdirləri, əməkdaşları vətəndaşlara normal xidmət göstərə bilmir, eşitmir, dinləmir, saymazlıq edir.
Ona görə də, prezident İlham Əliyevin etimad göstərib bu vəzifəyə layiq bildiyi “Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevə üzümü tutub deyirəm- Yoldaş Rzayev – sənədləri qanuni olan, dövlət rüsumu 15 gün əvvəl ödənmiş, kabelini, işıq dirəyini özü almış, yerə bərkitmiş, bütün təhlükəsizlik tələblərini gözləmiş vətəndaşa işıq ver, işıq. İşıq ver ki, onun da övladı, oxusun, yemək yesin, yaşasın, sabahın əsgəri olub vətənin keşiyində dursun, ac, susuz qalmasın, işıqsız qaranlıqda yaşayıb qorxaq böyüməsin, qaranlıq həyatı seçməsin, psixoloji gərginlik yaşamasın, vətənə, dövlətə, millətə sevgi, sayğı ilə böyüsün. Qaranlıqda böyüyən, kitab oxumayan, televizor seyr etməyən uşaqdan gələcəkdə normal insan formalaşmaz. Anlayın, başa düşün, yoldaşlar. Sənədləri qaydasında ola-ola işıqsız qalan o evdə gələcəyin əsgəri, alimi, ziyalısı, hərbçisi böyüyür.
İşıq ver, Baba Rzayev, işıq ver…
Bizimxeber.Az

NUH informasiya agentliyi səhifəsindən çap edilib