Dərc edilib: 26-08-2018

https://www.nuh.az/16978-.html

Tramp Makkeynin dəfninə dəvət edilməyəcək

26.08.2018 14:47:00

Dünya

Son bir ildə beyin xərçəngindən əziyyət çəkdikdən sonra dünən axşam 82 yaşında vəfat edən amerikalı senator Con Makkeynin dəfn mərasiminə prezident Donald Tramp dəvət edilməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Makkeynin 1 ay öncə vəsiyyət etdiyi və ailəsinin də buna riayət edəcəyi bildirilib.

Sabiq prezident Barak Obama isə dəfn mərasiminə dəvət ediləcək.

Trump isə sadəcə başsağlığı verməklə kifayətlənib:

“Senator Makkeynin ailəsinə başsağlığı verirəm və ehtiramımı bildirirəm. Qəlblərimiz və dualarımız səninlədir!”

Sabiq prezidentlər Barak Obama, Corc Buş və Bill Klinton da başsağlığı veriblər.

Qeyd edək ki, Makkeyn 2000-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin ilkin seçkilərdə qubernator Corc Buşa uduzub və Buş ABŞ Prezidenti seçilib.

2008-ci ildə Makkeyn Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olub, lakin demokrat Barak Obamaya uduzub. Son üç ildə Makkeyn Donald Trampın ən qatı tənqidçilərindən biri olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib