Dərc edilib: 31-08-2018

https://www.nuh.az/17032-.html

Çinin nümayəndə heyəti Mehriban Əliyevanın qəbulunda

31.08.2018 21:08:21

Cəmiyyət

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Mehriban Əliyeva iki ölkənin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini bildirib, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirən M. Əliyeva ötən il iki qurum arasında dostluq və əməkdaşlıq Memorandumunun imzalandığını və bu istiqamətdə artıq işlərin başlandığını diqqətə çatdırıb.

“Bu il Çində yaradılan yay düşərgəsini Azərbaycandan olan uşaqlar da ziyarət etdilər, Çində Azərbaycan mədəniyyət günləri, o cümlədən Azərbaycan sərgiləri təşkil edildi”, - deyən Mehriban Əliyeva gələcək əməkdaşlıq üçün böyük potensialın olduğuna əminliyini ifadə edib.

Mehriban Əliyeva Azərbaycanla Çin arasında dostluq körpülərinin yaradıldığını və Li Syaolinin səfərinin yeni tərəfdaşlıq münasibətlərinin qurulmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin ilk dəfədir Azərbaycana səfər etdiyini, paytaxtımızın onda dərin təəssürat yaratdığını, Heydər Əliyev Mərkəzi və oradakı sərgilərlə tanışlıqdan məmnunluğunu ifadə edib.

Görüşün sonunda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqlara xatirə hədiyyəsi təqdim edib.

 

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib