Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir. Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı Tahir Mirkişilidir. Onunla Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri ilə bağlı söhbət etdik.


- Cənab Mirkişili, bildiyiniz kimi, Almaniya kansleri Angela Merkel ötən həftə Cənubi Qafqaza üç günlük səfəri planlaşdırılmışdı və ilk səfər də Gürcüstana oldu. Merkelin Gürcüstan səfərində hansı məsələlər müzakirə olundu?

- Ümumiyyətlə, xanım Merkelin Cənubi Qafqaz səfərinə iki istiqamətdən baxmaq lazımdır. Birinci istiqamətdə Avropa Birliyinin əsas aparıcı dövlətinin və Avropa Birliyinin səlahiyyətli nümayəndəsi kimi Merkelin apardığı müzakirələrə yanaşmaq lazımdır. İkincisi isə xanım Merkel Almaniya Federativ Respublikasının Kansleridir və sırf öz dövlətini təmsil edir. Odur ki, regiona, o cümlədən Gürcüstana olan səfərin də iki istiqaməti var idi. Bu səfər çərçivəsində Avropa Birliyi ilə Gürcüstan arasında inteqrasiyanın sürətləndirilməsi ilə bağlı olan müzakirələr aparıldı. İqtisadi məsələlər, Gürcüstan ərazisindən keçən tranzit enerji daşıyıcıları xətlərinin müzakirəsi və onlara qoyulacaq əlavə vəsaitlərlə bağlı danışıqlar oldu. Təsadüfi deyil ki, Gürcüstanda yer altı qaz anbarının tikilməsi ilə bağlı 140 milyon euro həcmində müqavilə bağlandı. Bu müqavilənin bağlanmasında əsas məqsəd Gürcüstan ərazisindən keçən TANAP xəttinə uyğun yeraltı qazanlar tikməklə qaz ehtiyatlarının yaradılması və enerji təhlükəsizliyininin daha da təkmilləşdirilməsi idi. Bütövlükdə qiymətləndirsək, düşünürəm ki, Merkelin Cənubi Qafqaza səfərində əsas hədəf Azərbaycanla bağlı idi. Ermənistana olan səfər daha çox tanışlıq məqsədi daşıyırdı. Belə demək olarsa, ayrı seçkilik qoymamaq üçün baş tutmuş görüşlərdir. Gürcüstana olan səfərin özü də müəyyən mənada Azərbaycanla bağlı idi. Tranzit xətləri Gürcüstandan keçdiyi üçün ölkə ərazisində yeni infrastrukturun yaradılmasını həm də bu prizmadan qiymətləndirmək olar.

- Qeyd etdiniz ki, Ermənistana olan səfəri daha çox ayrı seçkilik qoymamaq üçün baş tutub. Bəs, həmin səfərdə kansler Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqedən çıxış edib?

- Almaniya bir dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən çox konstruktiv mövqe sərgiləyən ölkələrdən biridir. Avropa Birliyi də ərazi bütövlüyünü dəstəklədiyi və qəbul etdiyi bütün qərarlarda, hətta onun qəbul etdiyi "Şərq tərəfdaşlığı" bəyanatında da Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənir. Bu nöqteyi-nəzərdən yanaşsaq, xanım Merkel İrəvanda verdiyi bəyanatlarda daha çox ümumi prinsiplər üzərində durub. Almaniyanın bu məsələnin həlli prosesinin sürətlənmısi üçün həmişə hazır olduqlarını da qeyd etdi. Əslində münaqişənin həlli ilə Minsk qrupu həmsərdləri məşğul olur və bunun içərisində Almaniya yoxdur. Bu gün isə Almaniya-Azərbaycan əlaqələri daha çox iqtisadi pərdələr üzərindən qurulduğundan, Almaniyanın bölgəyə təsir imkanları müəyyən dərəcədə mövcuddur. Düşünürəm ki, Almaniyanın verdiyi bəyanatlar kontekstdən kənara çıxmasa da, bu müsbət cəhddir və biz bunu yüksək qiymətləndiririk.

- Bildiyiniz kimi, Kansler Ermənistanda olarkən "soyqırım" ifadəsini işlətmədi. Sizcə, bunu onun Ermənistana mesajı kimi qəbul etmək olarmı?

- Bildiyiniz kimi, Almaniya parlamenti qondarma "soyqırımı" qəbul edib. Lakin ümumilikdə götürsək, bu gün Almaniya-Türkiyə münasibətləri və ALmaniya-Azərbaycan münasibətləri kifayət qədər konstruktiv xətt üzrə inkişaf edir. Almaniya üçün Türkiyə və Azərbaycanla münasibətlər kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Bunun həm iqtisadi, həm də siyasi tərəfləri var. Düşünürəm ki, bu ifadəni işlətməməsi, qondarma "soyqırım" abidəsinə qoyulan gül çələngində bu barədə heç bir sözün yazılmaması Almaniyanın hər iki tərəfə verdiyi mesajdır. Daha çox strateji hədəflərə hesablanmış bir davranış idi ki, bunu da yalnız müsbət qiymətləndirmək lazımdır.

- Digər iki ölkədən fərqli olaraq, Azərbaycana səfəri zamanı rəsmi Bakı tərəfindən Merkeli Albert Vaylerin müşayiət etməsinə icazə verilmədi. Bu hadisə barədə nə deyə bilərsiniz?

- Səbəb əslində çox açıqdır. Çünki Almaniyanın bu parlament üzvü iki dəfə Azərbaycanın, rəsmi Bakının icazəsi olmadan işğal olunmuş ərazilərinə səfər etmişdir. Xarici işlər nazirliyinin bununla bağlı mövqeyi var ki, Azərbaycan qanunlarını pozan hər bir xarici ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olmur və qara siyahıya düşür. Bu, bütün dövlətlərdə belədir. Buna görə də Vayler Azərbaycana gəlmək üçün viza ala bilmədi. İstənilən bir dövlətin ərazisinə qanunsuz şəkildə daxil olmaq həmin dövlətin qanunlarını pozmaq deməkdir. Azərbaycan da haqlı olaraq bu prinsiplə hərəkət edir.

Bəs, sizcə, həmin hadisə Almaniya və Azərbaycanın sonrakı münasibətlərinə təsir göstərə bilər ?

-Heç bir təsir göstərməyəcək. Çünki Almaniya tərəfi Azərbaycanla çox yüksək səviyyədə görüşlər keçirdi və bu görüşlərin nəticələri də kifayət qədər müsbət olacaq. Ümumiyyətlə, Azərbaycanın tətbiq etdiyi bu prinsip müasir hüquq normaları çərçivəsindədir. Əminəm ki, eyni qaydanı Azərbaycanın yerinə olsaydı, Almaniya da digər ölkələrə tətbiq edərdi.

- Almaniya və eləcə də Avropa Birliyi üçün Merkelin Azərbaycana səfərinin əsas önəmi nədər ibarətdir?

- Cənubi Qafqazın aparıcı ölkəsi Azərbaycandır. Cənubi Qafqaz və Avropa birliyi arasındakı münasibətlərdə Azərbaycan da kifayət qədər böyük rol oynayır. Həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən Avropa Birliyi ilə digər ölkələr arasındakı münasibətlərdə də Azərbaycanın rolu böyükdür. Xanım Merkel dəfələrlə çıxışında qeyd etdi ki, Azərbaycan İran və Rusiya ilə həmsərhəddir. Bu gün Avropa Birliyi və İran münasibətlərində Azərbaycanın həyata keçirdiyi layihələr və tutduğu mövqe çox maraqlı və qəbulediləndir. Bu gün həm infrastruktur layihələrimiz, həm də Rusiya və İranla inteqrasiya məsələləri Azərbaycanı regionda Avropa Birliyi üçün önə çıxarır. Bu rakursdan baxsaq, Avropa Birliyinin məhz özünün inkişafı üçün Azərbaycana- yeni resurslara və yeni partnyorlara ehtiyacı vardır. Digər tərəfdən, Azərbaycan bir müsəlman ölkəsi üçün açıq, modern, demokratik və Avropa dəyərlərinə üstünlük verən bir dövlətdir. Azərbaycan Avropa Birliyi münasibətləri hər iki tərəf üçün çox böyük əhəmiyyət kəsb edir.

- Cənab Mirkişili, Prezident İlham Əliyevlə görüşdə müzakirə olunan məsələlərin mətbuata açıqlanan tərəfləri barədə nə deyə bilərsiniz?

- Müzakirə olunan məsələlər çox tərəfli idi. Bilirsiniz ki, Avropa Birliyi ilə Azərbaycan arasında strateji əməkdaşlıq və müqavilələr hazırlanıb. Azərbaycanla Avropa Birliyi münasibətləri kifayət qədər maraqlı və konstruktiv istiqamətdə inkişaf edir. Merkelin də qeyd etdiyi kimi, Azərbaycanla Almaniyanın siyasi münasibətləri, ən maraqlı istiqamətlərdən biri olan iqtisadi əməkdaşlığın yeni müstəviyə qaldırılması, Azərbaycan qazının Avropa bazarına çıxarılması ilə bağlı məsələlər masada olub. Eyni zamanda SOCAR- la Almaniyanın bir şirkəti arasında Xəzər dənizində kəşfiyyat aparılması ilə bağlı yeni müqavilə imzalandı. Almaniya şirkətləri Azərbaycanın qeyri-neft sektorunda çalışan çoxsaylı şirkətlər arasındadır. Azərbaycanda aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı üçün alman tərəfinin daha da aktiv olması da müzakirə olunan məsələlərdən biri idi.

- Bu səfərdən sonra "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı nə kimi yeniliklər gözlənilir?

- Artıq Azərbaycan qazı Türkiyəyə ixrac olunur və layihənin sonuncu mərhələsi olan Trans-Atlantik kəmərinin çəkilməsi ilə bağlı işlər sürətlənir. Düşünürəm ki, 2020-ci ildə Azərbaycan qazının Avropaya ixracı ilə bağlı layihələr başa çatacaq. Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycan qazının Avropanın cənub hissəsinə ixracı Avropa Birliyinin enerji təhlükəsizliyi üçün çox nümunə olan bir hadisədir. Digər tərəfdən isə Xəzərin statusunun müəyyən olunub. Bu, "Trans-Xəzər" qaz kəmərinin çəkilməsi ilə sıx bağlı məsələdir. Bu yeni imkanlar da Orta Asiya qazının Avropa Birliyinə ixracında Cənub Qaz Dəhlizinin əhəmiyyətini xeyli artıracaq.

- Bildiyiniz kimi, səfər çərçivəsində ictimaiyyət nümayəndələri ilə də görüş keçirildi. Bu görüş hansı nüanslarla yadda qaldı?

- Azərbaycan kifayət qədər açıq, demokratik müzakirələrə üstünlük verən bir ölkədir. Buna görə də xanım Merkelin həm dövlət, həm də ictimaiyyət nümayəndələri ilə görüşü onlar tərəfindən edilmiş bir təşəbbüs idi. İstənilən müstəvidə müzakirələrin keçirilməsinə Azərbaycan daim normal yanaşıb.