Dərc edilib: 02-09-2018

https://www.nuh.az/17062-.html

Beyləqanın icra başçısı döyülüb?

02.09.2018 16:53:01

Region

Bir neçə gün öncə ölkə mediasında Beyləqan rayonu icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin döyülməsi barədə xəbər yayılmışdı.


Hadisə ilə əlaqədar olaraq icra başçısını döydüyü iddia olunan rayonun Əlinəzərli kənd sakini Azər Əliyevlə əməkdaşımız əlaqə saxlayıb və o, icra başçısı ilə aralarında baş vermiş hadisəni belə şərh edib: " Rayonun icra başçısı Vaqif Abdullayevlə kənd nümayəndələrinin görüşündə mən də iştirak edirdim. Görüşün məqsədi kənddə pambıqçılığa marağın az olması ilə bağlı idi və icra başçısı buna görə insanları təhdid edirdi. Cənab başçı görüşdə çıxış edərkən, adamların və kəndin ünvanına bir neçə dəfə aşağılayıcı təhqir ifadələri işlətdi. Bu ifadələr məni əsəbləşdirdi  və yerimdən qalxıb, icra başçısından təhqirləri dayandırmağı tələb etdim. Icra başçısı isə, əksinə hərəkət edərək, məni ağır ifadələrlə təhqir etdi. Mən də icra başçısının ünvanıma dediyi təhqirləri onun özünə qaytardım və o, əsəbləşərək rayonun polis şöbə rəisi Füzuli Şıxəliyevə mənim dərhal həbs olunmağımı tapşırdı. Lakin icra başçısının yersiz və təhqir dolu yaraşmaz hərəkətinə kənd əhalisinin mənfi reaksiya verməsi mənim həbs olunmaq ehtimalını ortadan qaldırdı. 
Mən icra başçısına fiziki təsir göstərməmişəm və döyülmə barədə mediada gedən xəbərlər həqiqətə uyğun deyil."

Qeyd edək ki, bir sıra media orqanları icra başçısının döyülməsi barədə xəbər yaymışdılar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib