Dərc edilib: 15-09-2018

https://www.nuh.az/17181-.html

Türkiyə XİN Bəyanat yaydı

15.09.2018 12:31:49

Cəmiyyət

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə təbrik bəyanatı yayıb.
Qaynarinfo-nun məlumatına görə, bəyanatda bildirilir ki, qardaş ölkə olan Azərbaycan müstəqilliyini ilk dəfə 1918-ci ildə elan etməsindən dərhal sonra Osmanlı imperiyasından kömək istəyib və Nuri Paşanın (Killigil) komandanlığı ilə Azərbaycana göndərilən Qafqaz İslam Ordusunun köməyi ilə Bakı işğalçılardan təmizlənib: "Bu gün Bakının azad olunmasının 100 illiyi qeyd olunur.  
Bakının azad olunması o dövrdə paytaxtın Gəncədən Bakıya köçürülməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsinin yolunu açıb və Azərbaycanın bugünkü sərhədlərinin müəyyən edilməsinin təməlini qoyub. I Dünya müharibəsinin son aylarında seçmə əsgərlərdən ibarət Qafqaz İslam Ordusunun qazandığı bu böyük zəfərin ildönümü, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəyliyin simvolu olaraq müstəsna əhəmiyyətə malikdir”.
Bəyanatda qeyd olunub ki, Bakının işğaldan azad olunmasının 100-cü ildönümü vacib əhəmiyyətə malikdir. Bu münasibətlə sentyabrın 15-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi tədbir keçiriləcək:
"Tədbirdə Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə çıxış edəcəklər. Bütün Azərbaycan xalqını Bakının işğaldan azad olması münasibəti ilə bir daha təbrik edir, bu uğurda həyatlarını fəda edən 1132 şəhidimiz ilə birlikdə vətənləri uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət, ehtiram və rəhmətlə yad edirik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib