Dərc edilib: 15-09-2018

https://www.nuh.az/17186-.html

Vəzifəni MƏSULİYYƏT kimi qəbul edən icra başçısı

15.09.2018 17:12:42

Cəmiyyət

 

Mən  az müddətdir, təxminən  4 ildir ki, ailə  üzvlərimlə birgə  Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində  yaşayıram.

Suraxanıda doğulub-böyümüş, uşaqlığı-gəncliyi burada keçmiş  sadə  insanlarla  söhbət zamanı onların dedikləri məndə maraq  doğurdu:

 

“Sizdən fərqli olaraq bizim  uşaqlığımız da, yeniyetməliyimiz də, gəncliyimiz də Suraxanıda keçib. Suraxanı  son illərdə o qədər dəyişib, abadlaşıb ki, hətta  biz  özümüz  bəzən Suraxanını tanıya bilmirik. Bütün bu işlərin görülməsində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin, 1-ci Vitse prezident  Mehriban xanım Əliyevanın  və uzun müddətdir  rayona rəhbərlik edən cənab İlqar Abbasovun  rolu və zəhməti əvəzsizdir”.


Sözün düzü, yerli  Suraxanı camaatının  səmimi söylədikləri  həm inandırıcıdır, həm də adama  xoş təsir bağışlayır. Çünki  onların  Suraxanının icra başçısı  hörmətli  İlqar  Abbasova  vəkillik eləməyə qəti  ehtiyacı yoxdur. Sadəcə  onlar  son illərdə  doğma rayonlarında  baş verən müsbət dəyişikliklərdən  fərəhlə və ürəkdolusu danışırlar.

 

Söhbət əsnasında  Qarabağ müharibəsi veteranlarından biri bildirdi ki, Suraxanı  Bakının digər mərkəzi rayonlarından ( Səbail, Nərimanov, Nəsimi və s ) fərqli olaraq həm “kənd tipli rayon” olub ( inzibati vahidlərinin  çoxu köhnə  Bakı  kəndləridir: Əmircan, Bülbülə, Zığ, Suraxanı ), həm də həmişə bir az gözdən uzaq düşüb: “Hətta sovet dövründə də Suraxanıya az  diqqət ayrılıb. Paytaxtın  mərkəzi rayonlarından fərqli olaraq Suraxanıda  həmişə bir  pərakəndəlik, dağınıqlıq, basırıqlıq, bir az natəmizlik olub. Və ən əsası odur ki, Suraxanı şəhərdən çox kəndə bənzəyib. Ona görə deyirik ki, Suraxanı  son  illər  büsbütün dəyişdi, rayon indi sözün əsl mənasında şəhərə bənzəyir. İlqar  müəllim icra başçısı gələndən sonra Suraxanıya  məhz bir səliqə-sahman, təmizlik gəldi. Əvvəllər Suraxanının, Əmircanın küçələrində yeriyəndə adamın ürəyi sıxılırdı. İndi maşallah, bir genişlik, səliqə-sahman var, hiss edirsən ki, məhz  şəhərin küçələri ilə gedirsən. Suraxanı  heç  70 illik sovet dönəmində  bu qədər abadlaşmayıb”.


Digər  həmsöhbətim isə  daha  maraqlı bir fikir söylədi: “Bilirsiniz, dövlətimizin paytaxtı Bakının gözəlliyi və abadlığı təkcə mərkəzlə bağlı ola bilməz. Bakının “başı”nı bəzəməklə abadlığa və quruculuğa nail olmaq mümkün deyil.  Axı, şəhər təkcə başdan ibarət olmur. Bunun qolları var, gövdəsi var...Bunlar hamısı gözəl olanda Bakıya abad və gözəl şəhər demək olar. Yoxsa Bakı  başı gözəl, amma ayaqları əyri-üyrü, qolları zəif, gövdəsi eybəcər raxit orqanizmə bənzər. Çünki  Suraxanı, Xəzər, Pirallahı, Sabunçu rayonları Bakının qollarıdır. Məhz bütün bunları nəzərə alan dövlət başçısı İlham Əliyev cənabları Bakıətrafı qəsəbələrin abadlaşdırılmasıı problemini gündəmə gətirdi. Ki, Bakı sözdə deyil, həqiqətən də gözəl olsun. Və dövlət büdcəsindən bu məqsədlə kifayət qədər vəsait ayırdı. Ancaq hər məmur Prezidentin xoş məramını uğurla icra edə bilirmi ?”


Doğrudan da, əsas məsələlərdən biri də yerində olan və olmayan kadr problemidir. Məmur yerində olanda cəmiyyətdə narazılıq yaranmır, cəmiyyət də razı qalır, ölkə başçısı da.

Ümumiyyətlə, kadr məsələsi, komanda problemi hər bir rəhbərin ən həssas yeridir. Düzdür, müstəqillik tariximiz cəmi 27 il olduğu üçün bizdə hələ kadr korpusu tam oturuşmayıb. Həm də  dövlətçilik  tərbiyəsi deyilən ciddi bir meyar var. Ona görə də ölkə başçısı bəzi yararsız kadrları vəzifəsindən uzaqlaşdırmaqla məmur korpusuna yeni bacarıqlı kadrlar gətirir. Ki, problemlər həll olunsun. Axı, dövlət başçısının ölkənin qarşısında duran problemləri təkbaşına həll etmək üçün ən azı fiziki imkanları çatmaz. Bu mümkün olan iş deyil.  Ona görə də hər bir dövlət məmuru ölkə başçısının ona göstərdiyi etimadı ŞAN-ŞÖHRƏT kimi deyil, məhz  MƏSULİYYƏT   kimi başa düşməlidir. Ki, prezident mənim çiynimə məsuliyyət qoydu. İlqar Abbasov da vəzifəni məsuliyyət kimi  qəbul edən məmurlardan biridir. Əlbəttə söhbət ediyimiz  sakinlər mövcud problemlərdən də danışır, öz təkliflərini bildirirdilər.


Amma obyektivlik  naminə onu da qeyd etməliyik ki, məmurun sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının illərlə yığılmış problemlərini həll etsin. Əslində bizim vətəndaşlar məmurlardan çox şey də ummurlar, sadəcə insani münasibət görmək istəyirlər. Belə insani münasibətləri son  illər  Suraxanı  sakinləri rayonun rəhbərliyindən görür.

Bir daha  qeyd edirəm ki, heç bir məmur hamının dərdinə çarə tapa bilməz. Amma ən böyük problem insana insan kimi yanaşmaq, onu dinləmək, probleminə şərik olmaqdır. Çünki məmurun borcu vətəndaşları qəbul etmək, onları dinləmək, qarşısındakını insan kimi qəbul etməkdir. Bu artıq bizim insanların problemlərinin həllinin yarısı deməkdir. Çox təəssüf ki, bu adi həqiqəti bəzi məmurlar başa düşmür. Ancaq bu problem Suraxanıda  son illər  öz həllini tapıb, cənab İlqar Abbasov sakinlərlə açıq görüşlər keçirir, vətəndaşları dinləyir və problemlərin həll olunmasına çalışır.

Həm də  söhbət təkcə icra başçısının özündən deyil, eyni zamanda vətəndaşlarla işləməyi  bacaran işgüzar komandasından gedir. Axı, icra başçısı az bir müddətdə bu qədər işi təkbaşına görə bilməzdi.

Yazının bu yerində yadıma  bir neçə il əvvəl yenicə mühüm vəzifəyə təyin olunmuş bir dövlət məmurunun ilk tele-çıxışı düşdü. Həmin məmur deyirdi ki, Prezident mənə qəti şəkildə tapşırdı ki,  “ get oranı düzəlt”.  Aydındır ki, heç bir ölkənin rəhbəri, o cümlədən cənab İlham Əliyev rəhbərlik etdiyi ölkənin pis vəziyyətdə olmasını istəməz. Əksinə istəyir ki, ölkə inkişaf eləsin, abadlıq olsun, insanların rifahı yaxşılaşsın. Çünki  ölkədə yaxşı və pis nə varsa ictimai rəydə və tarix qarşısında ölkə başçısının adına yazılır. Amma bəzi məmurlar prezidentin “get oranı düzəlt” tapşırığını  öz xarakterlərinə uyğun olaraq, öz başa düşdükləri kimi icra edirlər.

Bu məqamda ölkə başçısı İlham Əliyev cənablarının bir sözü yada düşür: “Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Onların özləri, yaxınları insanları incidirlər, yersiz hərəkətlər edirlər, özlərini təvazökar apara bilmirlər…

Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən mən”.


Bəli, cənab İlqar Abbasov da Prezidentin buyurduğu kimi vəzifəni MƏSULİYYƏT  və XALQA XİDMƏT kimi qəbul edir.


Yazının sonunda hörmətli icra başçısına sakinlərin bir təklifini çatdırmaq istəyirik. Əslən Suraxanıdan olan və 22 yaşında Sovet  İttifaqı Qəhrəmanı adına layiq görülən Əmi Məmmədovun büstünə layiqli bir məkan seçilsin.

 

NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli 


NUH informasiya agentliyi səhifəsindən çap edilib