Dərc edilib: 18-09-2018

https://www.nuh.az/17223-.html

Prezident Biləsuvarda (FOTOLAR)

18.09.2018 15:45:17

Siyasət
Prezident İlham Əliyev bu gün Masallı rayonundan sonra Biləsuvara səfər edib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışına qatılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun uzunluğu 15,4 kilometrdir. Üçüncü və dördüncü texniki dərəcəyə uyğun tikilən yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materialından və asfalt-beton örtüyündən istifadə edilib. Yol boyunca nişanlar və göstərici lövhələr quraşdırılıb.
Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonra isə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İlham Əliyev ardınca Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Bayraq Muzeyinin inşasına ötən il başlanıb və bu ilin mayında başa çatdırılıb. Ümumi ərazisi 400 kvadratmetr olan muzey binası ikimərtəbəli olmaqla sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Ümummilli Liderin andiçmə mərasimindən fotoşəkillər, Ulu Öndərin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə, Bayraq Meydanının açılışı mərasimlərində çəkilmiş fotoşəkilləri, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir. Bayraq Muzeyi ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılıb və burada hündürlüyü 56 metr olan Dövlət Bayrağı ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib, postamentdə Azərbaycan Respublikasının gerbi, himni, xəritəsi əks olunub.
İlham Əliyev həmçinin Biləsuvar Gənclər Evinin açılışında iştirak edib. Dövlət başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib