Dərc edilib: 04-10-2018

https://www.nuh.az/17376-.html

Azərbaycanda fəaliyyət göstərən özəl məktəb qanunlarımızı pozur (ARAŞDIRMA)

04.10.2018 11:42:34

Reportaj

Fins.az saytı Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərin illik təhsil haqqları ilə bağlı siyahı yayımlayıb.

Bu  siyahıda adıçəkilən məktəblər içərisində illik təhsil haqqı ən yüksək olan orta məktəb Azərbaycan Beynəlxalq Məktəbi ("TISA International School of Azerbaijan” )dır. Belə ki, burada təhsil almaq üçün illik 42 min dollara yaxın vəsait tələb olunur.
 
Azərbaycan Beynəlxalq Məktəbi siyahıda dollarla təhsil haqqı alan yeganə özəl orta məktəbdir. Məktəbin saytında yerləşdirilən məlumatlarda da bütün əməliyyatların dollarla aparıldığı açıq-aşkar görünür.

Xüsusi qeyd: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 19.
I. Azərbaycan Respublikasının pul vahidi manatdır.
III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Məktəblə əlaqə yaradanda da maraqlı hadisə ilə qarşılaşdıq. Deməli ölkədə fəaliyyət göstərən bütün şirkətlərin mobil bot xidmətlərində Azərbaycan dili üçün 1, xarici dillər üçün 2, 3 və s. düyməsini basın deyilirsə, Azərbaycan Beynəlxalq Məktəbinin mobil bot xidmətində isə ingilis dili üçün 1, azərbaycan dili üçün 2 düyməsini basın qeyd olunur. Dövlət dilinin azərbaycan dili olduğu bir ölkədə azərbaycan dilinin ingilis dilindən sonra təklif edilməsi nə dərəcədə doğrudur?
Həmçinin məktəbin internet saytı da yalnız ingilis dilində fəaliyyət göstərir və saytın azərbaycan dilli versiyası mövcud deyil
Yenə Azərbaycan Respublikasının Konstitusiyasına nəzər yetirək. Maddə 21. 
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
 
Qeyd edək ki, məktəb 1996-cı ildən bəri ölkəmizdə fəaliyyət göstərir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib