Dərc edilib: 05-10-2018

https://www.nuh.az/17392-.html

Misir Mərdanov Azərbaycan Universitetində mühazirə oxuyub

05.10.2018 14:09:20

Günün sitatı

AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Azərbaycan Universitetinin qonağı olub. Professor tələbələr qarşısında Azərbaycan Xalq  Cümhuriyyətinə həsr olunmuş mühazirə ilə çıxış edib.

\

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Universitetin rektoru Səadət Əliyeva da iştirak edib. Rektor qonağı salamlayıb və dəvəti qəbul etdiyinə görə Misir Mərdanova təşəkkür edib. Elmi işlər üzrə prorektor Yusif Qasımov professor Misir Mərdanovun Azərbaycan Xalq Cümhuriyyəti haqqında tədqiqat və əsərləri ilə öz ziyalı borcunu yerinə yetirdiyini bildirib.

Misir Mərdanov çıxışının əvvəlində Azərbaycan Universitetinin professor-müəllim heyətini 5 oktyabr – Beynəlxalq Müəllimllər Günü münasibəti ilə təbrik edib, cəmiyyətin tərəqqisində müəllimlərin böyük əməyi və rolu olduğunu vurğulayıb.   

Professor çıxışında 23 aylıq müddət ərzində təhsil sisteminin idarə olunmasında və məzmununda aparılan islahatlar, dərsliklərin hazırlanması, parlamentin qərarı əsasında 100 nəfər gəncin ölkə xaricinə oxumaq üçün göndərilməsi, ölkədə ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universitetinin yaradılması, ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi və bu kimi islahat və yeniliklər haqqında məlumat verib, iştirakçılara maraqlı faktlar və statistik rəqəmlər açıqlayıb.

Mühazirədə Hacı Zeynalabdin Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyətinə də xüsusi yer ayrılıb. 

Çıxışda vurğulanıb ki, hər xalqın tarixində elə məqamlar var ki, onu yalnız tarixçilər deyil, hər kəs bilməlidir. AXC dövrü Azərbaycan xalqının tarixində məhz belə səhifələrdəndir.

Misir Mərdanov sonda həmmüəllifi və layihə rəhbəri olduğu “Azərbaycan Təhsili Xalq Cümhuriyyəti illərində” (1918-1920), “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” (Ensiklopedik soraq kitabı), “Məktəblinin riyaziyyatdan izahlı lüğəti”, “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz” kitablarını universitetə hədiyyə edib.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib