Dərc edilib: 17-10-2018

https://www.nuh.az/17576-.html

26 saylı orta məktəbdə əmrsiz, müqaviləsiz direktor müavini...

17.10.2018 15:03:54

Reportaj

26 saylı orta məktəbdə əmrsiz, müqaviləsiz direktor müavini...

 

Susilə Abbasovanı bu postda hansı əl saxlayır?

 

Son illər orta məktəblərdə direktor və müavinlərin əmrsiz, müqaviləsiz çalışması adi hala çevrilməkdədir. Ümumiyyətlə, hazırda onlarla orta məktəb direktorsuz, əmrsiz, müqaviləsiz direktor əvəzi formasında fəaliyyət göstərməkdədir. Bunun səbəbləri barədə təhsil nazirliyinin rəsmiləri hələ də əsaslı dəlillər gətirmir və ya gətirməkdə maraqlı deyil. Təhsil sistemimizin hər gün yüksəldiyini deyən nazirlik rəsmiləri bu halları nədən kökündən həll edə bilmir... Konkret olaraq bir orta məktəb barədə danışaq.


Xəzər rayonu, Buzovna qəsəbəsi, İftixar Tağıyev  adına 26 saylı orta məktəb 3 ildir direktorsuzdur. Daha doğrusu, sözügedən məktəbə son iki ildə 2 direktor əvəzi göndərilib ki, onlar da məktəbi elə direktor əvəzi kimi idarə ediblər. Dağıdıb gediblər. Hazırda 26 saylı orta məktəbin direktor əvəzi postu Yaqut Məmmədovaya həvalə edilib. Məlumata görə, Yaqut Məmmədovanın da nə əmri var, nə də müqaviləsi. Sadəcə müvəqqəti 1 illik icra edir. Çünki, Bakı şəhər Təhsil İdarəsinin bakimektebleri.edu.az portalında 26 saylı orta məktəbə aid olan bölmədə direktor əvəzi Yaqut Məmmədova ilə bağlı heç bir məlumat yoxdur. Əvəzində isə daha qeyri-adi bir mənzərə var. Elektron lövhədə ilk olaraq Təlim-tərbiyə işləri üzrə direktor müavini Susilə Abbasovanın adı və fotosu görünür. Bu o deməkdir ki, Susilə Abbasova sözügedən məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Bəs əslində reallıq necədir?

NUH.az-a daxil olan məlumata görə, 67 yaşlı Susilə Abbasova artıq iki ildir ki, təqaüddədir. Ötən iki ili müqavilə ilə işləyən S.Abbasovanın bu il hələ də müqaviləsi və ya əmri verilməyib. Bütün buna baxmayaraq o hər gün məktəbə gələrək, Təlim-tərbiyə işləri üzrə direktor müavini postunu idarə edir. Qəribə modeldir. Müqaviləsiz və əmrsiz necə işləmək olar? İşin daha bir maraqlı tərəfi odur ki, müqavilə və əmrsiz fəaliyyət göstərdiyi üçün Susilə Abbasova əmək haqqı da almır. "Təlim-tərbiyə işləri üzrə direktor müavini" hansı maraqlara görə, hər gün məktəbə gəlir? Yaxud, Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi nədən buna göz yumur? Bu suallara yaxın günlərdə aydınlıq gətirməyə çalışacağıq. Hələliksə, nazir Ceyhun Bayramova sadə bir sual ünvanlamaq istəyirik:

 

Cənab nazir, bu hansı qanunla idarə etmədir? Bunun adı nədir? Qanunun hansı bəndində heç bir əmr və müqaviləsi olmyan şəxs Təlim-tərbiyə işləri üzrə direktor müavini postunu tuta bilər? Neçə il belə davam edəcək?

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib