Dərc edilib: 25-10-2018

https://www.nuh.az/17652-.html

Leyla Əliyeva Şirvanşahlar Saray Kompleksində sərgidə - Fotolar

25.10.2018 07:51:55

Maraqlı

Oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb.


 AzərTac   xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsinin bu konfransın və sərginin keçirilməsi ilə bağlı ideyanın yaranmasında başlıca səbəblərdən biri olduğunu bildirib.

Qeyd edilib ki, sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur.

“Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir. XVI əsrin əvvəllərində qanlı döyüşlərdən sonra Şirvanşahlar sarayından qənimət kimi aparılan sonuncu Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra müvəqqəti də olsa öz doğma məkanında sərgilənir. Həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunur”, - deyə Əsgər Ələkbərov qeyd edib.

Sərgi 2019-cu il yanvarın 23-dək hər gün saat 9:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

 

 











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib