Dərc edilib: 25-10-2018

https://www.nuh.az/17660-.html

Direktorun yaxaladığı sayt rəhbərinə hökm oxundu

25.10.2018 12:11:30

Günün sitatı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri Rauf Sultanova hökm oxunub.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R.Sultanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

R.Sultanov Maştağa qəsəbəsində yerləşən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda ittiham olunur.

N.Məmmədova məhkəmədə deyib ki, 2017-ci ilin avqustunda mətbuatda barəsində xoşagəlməz yazılar dərc olunub və jurnalistlər zəng edərək ondan pul tələb ediblər: “5 min manat tələb etdilər, 2 minə razılaşdıq. Rauf tez-tez mənə zəng edirdi, gecələr zəng edib məni narahat edirdi, mənimlə şəxsi münasibət qurmağa çalışırdı. Məndən əl çəkməsi üçün ona yalvarırdım. Sonra məcbur olub Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdim. Əməliyyat quruldu, pulu vermək üçün onun evinə getdim. İçki təklif etdi, başı xəmirli tut arağı istədim. İdarənin işçiləri gecikirdi deyə onu söhbətə tutub başını qarışdırdım. Sonra həmin jurnalisti yerə yıxıb üstündə oturdum ki, qaça bilməsin”.

Rauf Sultanov bundan əvvəl polisə müqavimət və dələduzluğa görə iki dəfə məhkumluq həyatı yaşayıb. O həm də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib