Dərc edilib: 27-10-2018

https://www.nuh.az/17677-.html

Azərbaycan MDB-yə qoşulduqdan sonra milli hüquq sistemində aparılan islahatlar

27.10.2018 07:55:10

Cəmiyyət

Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. 

Azərbaycan müstəqil Dövlət Birliyinə (MDB) üzv  olandan sonra qanunvericiliyin müxtəlif sahələrində - mülki, cinayət, ailə, vergi, aviasiya, nəqliyyat və s. imzalanmış sazişlərə qoşulmaqla bu sahədəki  qanunvericilik aktlarını təkmilləşdirdi. Bundan əlavə, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, vergi cinayətlərinə, kompüter informasiyası sahəsində cinayətlərə, terrorçuluğa və ekstremizmə qarşı mübarizədə MDB dövlətləri ilə əməkdaşlıq barədə sazişlərə qoşularaq öz milli qanunvericilik sistemində mühüm islahatlar apardı. Bundan sonra ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı.

Azərbaycan müstəqilliyə qədəm qoyduğu ilk zamanlardan yeni qurulmuş gənc dövlət olaraq bir çox çətinliklərlə üzləşmişdi. Belə ağır vəziyyətdə respublikamız hüquq sisteminin inkişafı ilə birlikdə həm də xarici əlaqələr, eləcə də beynəlxalq və regional təşkilatlarla münasibətlər və digər dünya dövlətləri arasında beynəlxalq nüfuzuna xüsusi önəm verirdi.  Məlum olduğu kimi, Azərbaycan müstəqilliyə gedən yolda dəfələrlə qondarma Ermənistanın yalançı ərazi iddialarına və işğalçı hücumlarına məruz qalmış, nəticədə  ərazilərimizin 20 faizi işğal edilmiş, 1 milyon vətəndaşı qaçqın və məcburi köçkün düşmüş, çoxlu sayda şəhidlər vermişdi.  Məhz bu səbəb 1990-cı illərin ilk yarısında Azərbaycanı həm müstəqilliyini möhkəmləndirmək, həm də ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin ədalətli həllinə nail olması üçün çoxşaxəli və effektiv münasibətlər qurmağa vadar edirdi və təsadüfi deyil ki, bu  baxımdan MDB ilə münasibətlər Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edirdi.

Bildiyimiz kimi, MDB 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasını zəruri bilən və əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri - B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan saziş əsasında qurulmuşdu. Həmin ilin 21 dekabrında isə Azərbaycan da daxil olmaqla bir sıra dövlətlər Alma-Atada MDB-yə qoşulmaq haqqında razılığa gəlmişdilər. Həmin dövlətlər arasında əldə edilmiş ümumi razılığa  və Alma-Ata deklarasiyasına əsasən keçmiş Sovet İttifaqına daxil olan dövlətlər daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etməli, siyasi, iqtisadi və mədəni əlaqələrini bütün fəaliyyət sahələrində mümkün olduğu qədər genişləndirməli idilər. Eyni zamanda, MDB-yə üzv olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləri idilər. MDB-nin əsas məqsədi təşkilata üzv olan bütün dövlətlərin bir çox sahələrdə inkişafına şərait yaratmaqla bərabər, həmçinin, siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıq və dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsini təmin etmək idi.

Azərbaycan Respublikası MDB-yə qoşulmaqla bağlı 21 dekabr 1991-ci il tarixli qərarı 1993-cü ilin sentyabrında - Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ratifikasiya etdi və həmin  tarixdən etibarən MDB-nin tamhüquqlu üzvü oldu.

MDB-nin 1993-cü ildə qədul edilən Nizamnaməsində dövlətlərin birgə fəaliyyət sahələri aşağıdakı kimi təsbit olunurdu:

- İnsan hüquq və azadlıqlarının təmin olunması;

- Xarici siyasət fəaliyyətinin əlaqələndirilməsi;

- Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi;

- Əhalinin sağlamlığının və ətraf mühitin qorunması;

- Sosial və immiqrasiya siyasəti məsələləri;

- Mütəşəkkil cinayətkarlıqla mübarizə;

- Müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq.

Beləliklə, nizamnamə MDB üzvü olan dövlətlərin bir araya gəlməsi üçün əsas məqsədləri müəyyən etdi. MDB-nin fəaliyyəti ərzində yüzlərlə saziş qəbul olundu və nəticədə böyük bir hüquqi massiv yaradıldı.

Azərbaycan Respublikası öz növbəsində MDB-yə daxil olduqdan sonra milli qanunvericilik sistemində mühüm islahatlar gerçəkləşdi və MDB ilə birgə fəaliyyət üzrə çoxsaylı yeni qanunlar qəbul olundu.

Azərbaycan 1995-ci il sentyabrın 1-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin "Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında" 1993-cü il yanvarın 22-də Minsk şəhərində bağlanmış Konvensiyaya qoşuldu.

Daha sonra, 12 sentyabr 1995-ci ildə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin gömrük qanunvericiliklərinin Əsasları haqqında" qərar, 16 sentyabr 1995-ci ildə Azərbaycan Respublikası tərəfindən Müstəqil Dövlətlər Birliyi iştirakçıları olan dövlətlər arasında "Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" saziş və "Gömrük xidmətlərinin qanunsuz aparılan və gətirilən mədəni sərvətlərin tutulub saxlanılması və geri qaytarılması məsələləri üzrə əməkdaşlığı haqqında" saziş təsdiq edildi.

Qeyd edilən sazişlərin təsdiqi öz növbəsində Azərbaycanın gömrük sahəsində mövcud qanunvericiliyinin təkmilləşdirilməsinə və MDB-yə üzv digər qonşu dövlətlər ilə ticarət sahəsində uğurlu addımların atılmasına öz töhfəsini verdi.

MDB-nin fəaliyyəti ərzində çoxsaylı sazişlərin qəbul edilməsi və üzv dövlətlərin də həmin sazişlərə qoşulması mühüm irəliləyiş idi. Lakin burada daha vacib bir məqam qəbul edilmiş sazişlərin icrası və sazişlərə qoşulduqdan sonra dövlətlərin həmin sazişlərdən irəli gələn öhdəlikləri düzgün icra etməsi məsələsi idi.

MDB daxilində qəbul edilmiş qərarların icrasına təsir və nəzarət funksiyası MDB İqtisadi Məhkəməsinin üzərinə düşür. "Müstəqil Dövlətlər Birliyinin İqtisadi Məhkəməsinin statusu haqqında" 1992-ci il iyulun 6-da Moskva  şəhərində saziş imzalanıb. Azərbaycan Respublikası 8 oktyabr 1996-cı ildə aşağıdakı qeyd-şərtlərlə həmin sazişə qoşulub: "Azərbaycan Respublikası "Müstəqil Dövlətlər Birliyinin İqtisadi Məhkəməsinin statusu haqqında" Sazişə əlavə olunmuş Müstəqil  Dövlətlər Birliyinin İqtisadi Məhkəməsi haqqında Əsasnaməni 3-cü bəndin üçüncü abzası, 5-ci bənd, 10-cu bəndin altıncı abzası istisna  olunmaqla, 3-cü bəndə "Tərəflərdən biri imtina edərsə, İqtisadi Məhkəmənin plenumunun qərarı ilə razılaşdırıldıqda, habelə İqtisadi  Məhkəmə mübahisələrə baxmır"  məzmununda abzas əlavə olunmaqla və 10-cu bəndə "Sazişin iştirakçısı olan dövlətlər İqtisadi  Məhkəmədə mübahisələrə baxılmadıqda beynəlxalq məhkəməyə müraciət edə bilərlər" məzmununda abzas əlavə edilməklə tətbiq  edəcəkdir".

Azərbaycan Respublikası 10 aprel 1998-ci ildə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin mülki aviasiyasının aviasiya texnikasının istismarının və təmirinin təmin  edilməsi üzrə transmilli maliyyə-sənaye qrupunun yaradılması haqqında Sazişə qoşulub.

Azərbaycan Respublikasının beynəlxalq iqtisadi münasibətlərin və xarici-iqtisadi fəaliyyətin genişlənməsi, xarici-ticarət əməliyyatlarının həcminin sürətlə artması bu sahənin də əhəmiyyətini artırıb. Bu səbəbdən Respublikamız 24 aprel 1998-ci ildə "Sərnişinlərin və baqajın beynəlxalq avtomobil daşımaları haqqında" konvensiya və ona əlavə edilən "Müstəqil  Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin beynəlxalq əlaqələrində avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının qaydaları", bundan əlavə, 12 fevral 2002-ci il tarixdə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə gətirilən mallara texniki, tibbi, əczaçılıq, sanitar, baytar və fitosanitar normaların, qaydaların və tələblərin tətbiq edilməsi haqqında" saziş, 02 aprel 2002-ci il tarixdə "Dəmiryol nəqliyyatında vergiqoyma mexanizminin yaxınlaşdırılması sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında" saziş, 22 oktyabr 2002-ci il tarixdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının 1999-cu il iyunun 4-də Minsk şəhərində keçirilmiş iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi qanunvericiliyinə əməl edilməsi və bu sahədə pozuntularla mübarizə məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" saziş təsdiq edilib.

Dövlətin əsas prioritet istiqamətlərindən olan cinayətkarlıqla mübarizə və antiterror tədbirlərinin təşkili sahəsində də bu dövrlərdə mühüm addımlar atılıb, çoxsaylı sazişlərə qoşularaq Azərbaycan bu sahədə öz qanunvericilik aktlarını təkmilləşdirib. 13 yanvar 2004-cü il tarixdə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazilərində birgə antiterror tədbirlərinin təşkili və keçirilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsinə dair" protokol, 6 aprel 2004-cü il tarixdə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında" saziş, bundan əlavə, 6 aprel 2004-cü il tarixdə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı haqqında" saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib.

Bundan əlavə, Azərbaycan Respublikasının Milli Məclisi 22 may 2007-ci il tarixdə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında" sazişin Azərbaycan Respublikasının həmin sazişə dair xüsusi rəyi ilə təsdiq edilməsi, 22 may 2007-ci il tarixdə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında" imzalanmış sazişin Azərbaycan Respublikasının həmin sazişə dair xüsusi rəyi ilə təsdiq edilməsi, 13 iyun 2008-ci ildə isə  "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq Konsepsiyası haqqında" imzalanmış qərarın Azərbaycan Respublikasının, Gürcüstanın, Moldova Respublikasının və Ukraynanın ona dair razılaşdırılmış xüsusi rəyi ilə təsdiq edilməsi, 22 iyun 2010-cu ildə isə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında" imzalanmış müqavilənin Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə təsdiq edilməsi barədə müvafiq qanunlar qəbul etmiş və beləliklə, Azərbaycan Respublikasının MDB üzvü olan qonşu region dövlətlərlə əməkdaşlığı gücləndirilib və qanunvericilik sistemi təkmilləşdirilib.

Beləliklə, yuxarıda sadalanan qanunvericilik aktlarından məlum olur ki, Azərbaycan Respublikası MDB-yə qoşulduqdan sonra  qanunvericiliyin müxtəlif sahələrində - mülki, cinayət, ailə, vergi, aviasiya, nəqliyyat və s. sahələrdə imzalanmış sazişlərə qoşulmaqla Azərbaycan Respublikası bu sahədəki  qanunvericlik aktlarını təkmilləşdirmiş, beynəlxalq iqtisadi münasibətlərini və xarici-iqtisadi fəaliyyətini genişləndirərək, xarici-ticarət əməliyyatlarının həcmini artırıb. Bundan əlavə, narkotiklərin və prekursorların qanunsuz dövriyyəsinə, insan alverinə, vergi cinayətlərinə, kompüter informasiyası sahəsində cinayətlərə, terrorçuluğa və ekstremizminə qarşı mübarizədə MDB dövlətləri ilə əməkdaşlıq barədə sazişlərə qoşularaq öz milli qanunvericilik sistemində mühüm islahatlar aparıb.

Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biri Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, qondarma Ermənistan Respublikası tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması region dövlətlərlə maraqların üst-üstə düşməsini təmin etmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etməkdir.

 

AQİL  NURİYEV


Milli Aviasiya Akademiyası İqtisadiyyat və hüquq fakültəsi Hüquqşünaslıq kafedrasının doktorantı  


NUH informasiya agentliyi səhifəsindən çap edilib