Dərc edilib: 09-11-2018

https://www.nuh.az/17851-.html

Amaliya Pənahova ilə vida mərasimindən - Fotolar

09.11.2018 12:23:36

Hadisə

Hazırda Akademik Milli Dram Teatrında xərçəng xəstəliyindən dünyasını dəyişən 73 yaşlı xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

“Qafqazinfo”nun əməkdaşının məlumatına görə, mərasimdə mərhum aktrisanın ailə üzvləri, sənət dostları, həmkarları, eləcə də mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı meri səlahiyyətlərini icra edən Eldar Əzizov da iştirak edir.

Mərasimə qatılan əməkdar artist Teymur Əmrah Amaliya Pənahovanın vəfatının böyük itki olduğunu bildirib: “Yaxınlarına, ailəsinə səbr diləyirəm. Böyük itkidir. Azərbaycan teatrına töhfələr verib. Allah rəhmət eləsin”.

Xalq artisti Nurəddin Mehdixanlının sözlərinə görə, Amaliya Pənahova ömrünün son gününədək teatr üçün fədakarlıqlar edən sənətkar olub: “Hər zaman gənclərə dəstək olub, yanlarında olub. Çox çətin dövrdə Bakı Bələdiyyə Teatrını yaratdı, sənətdən uzaqlaşan şəxsləri ora dəvət etdi. O həm sənətçi, həm də insan olaraq özü üçün yaşamayıb. Amaliya Pənahovanın yeri hər zaman görünəcək. O, fiziki mənada uzaqlaşıb. Amaliya xanım hər zaman bizimlə olacaq”.

Əməkdar artist, rejissor Elxan Qasımov xalq artisti ilə dostluqlarının 56 il davam etdiyini vurğulayıb: “Qardaşlıq edirdik. Bir çox rolları ifa etmişik. Azərbaycan teatr sənəti dahi sənətkarlarla doludur. Amaliya Pənahovadan bir daha gəlməyəcək. Şübhəsiz ki, onun yeri cənnətdir. Onun həmkarı kimi deyirəm, səni burada çox sevirlər, Allah da səni elə sevsin”.

Xalq artisti Rafael Dadaşov açıqlamasında bildirib ki, Amaliya Pənahova onun üçün bir məktəb olub: “Mən hamını başa düşürəm. Artıq nəsil, yaş etibarı ilə mənə üz tutursuz. Cavanların təcrübəsi, səlahiyyəti yoxdur ki, nəsə desinlər. Amaliya Pənahova ilə müştərək işlər görmüşük. Onunla səhnədə olanda mən özümü yığışdırırdım. Çalışırdım ki, ona layiqli tərəf müqabilim olum. Şəxsən mənim üçün o, bir məktəb idi. Amaliya xanım gözəl ömür yaşadı. Hər dəfə rastlaşanda mənə heyfsləndiyini deyirdi. Çünki o, rəhbəri olduğu Bakı Bələdiyyə Teatrında məni görmək istəyirdi. Nəsil qalmadı! Kimdən danışacağıq? Ağız dolusu danışacaqlarımız adamlar azdır. Pərişanam! Kədərliyəm, Allah rəhmət eləsin!”.

Xalq artisti Firəngiz Mütəllimova səhnəyə ilk addım atdığı illərdə A. Pənahova ilə tərəf müqabili olduğunu söyləyib: “Fədakar aktrisa idi. Hamı onun nailiyyətlərindən xəbərdardır. Nə qədər tamaşalarda rol alıb. Bilirdim ki, xəstədir. Amma inanmırdım. Onun belə getməyni gözləmirdim. Həyatı sevən bir qadın idi. Allah rəhmət eləsin. Teatr sevən insanlar çox az qalıb”.

Xalq artisti Flora Kərimova bunun onun üçün gözlənilməz olduğunu bildirib: “Ürəyim ağzımdan çıxır. Gözləmirdik. Yavaş-yavaş dənlənirik. Belə insanlarım əvəzi olmur. Boşluğu heç kim doldura bilmir. Ancaq ortabablar yerini tuta bilir. Çox danışa bilməyəcəm”.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov

 














NUH informasiya agentliyi səhifəsindən çap edilib