Dərc edilib: 10-11-2018

https://www.nuh.az/17859-.html

Türkiyənin qurucusu Atatürkün anım günüdür

10.11.2018 15:02:01

Region

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür.

Qaynarinfo xəbər verir ki, Atatürkün ölümündən 80 il ötür.
Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu, ölkənin ilk prezidenti (1923-1938), Türk Ordusu Marşalı və daha əvvəlində bir Osmanlı paşası Mustafa Kamal Atatürk Birinci Dünya Müharibəsi zamanı Osmanlı ordusunda xidmət edib. Çanaqqala Cəbhəsində polkovnikliyə, Sina-Fələstin Cəbhəsində isə İldırım Orduları (7-ci Ordu) generallığına qədər yüksəlib.
 
Türkiyə İstiqlaliyyət Müharibəsində Türk Milli Hərəkatına öndərlik edib. Qurtuluş Savaşı müddətində Ankara Hökumətini qurub, hərbi hərəkətləriylə İttifaq Dövlətləri tərəfindən göndərilən hərbi gücləri məğlubiyətə uğradıb və Türk millətini zəfərə aparıb. Atatürk daha sonra köhnə Osmanlı İmperiyasını müasir və sekulyar bir millət dövlətinə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar başladıb. Liderliyi altında minlərlə yeni məktəb inşa edilib. Onun dövründə ibtidai təhsil pulsuz və icbari hala gətirilib. Qadınlara bərabərlik və siyasi hüquqlar verilib. Kəndlilərin üzərinə yüklənən ağır vergilər azaldılıb. Türk orduları baş komandiri olaraq Sakarya Meydan Müharibəsindəki müvəffəqiyyətinə görə 19 sentyabr 1921 tarixində "Qazi" adını alıb və marşallığa yüksəlib. Xalq Firqəsini qurub və ilk ümumi başçısı olub. 1938-ci ildə vəfatına qədər ard-arda 4 dəfə prezident seçilən Atatürk, bu vəzifəni ən uzun müddət icra edən prezident olub.
Atatürkün tarixdə oynadığı əhəmiyyətli rol bir çox yazıçı və tarixçi tərəfindən araşdırılıb, haqqında 379 əsər yazılıb. Bu onu haqqında ən çox əsər yazılan ilk 100 adam arasına salıb. Həmçinin dünyada ilk dəfə və tək nümunə olmaq üzrə, Birləşmiş Millətlərin YUNESKO təşkilatı tərəfindən, 100-cü doğum ili - 1981-ci il "Atatürk ili" elan edilib.
 
Türkiyə mediası Atatürkün Dolmabahçe Sarayı və Ankara Etnoqrafiya Muzeyində keçirilən cənazə mərasiminə aid bu günə qədər heç yerdə dərc olunmayan fotoları yayımlayıb. Sözügedən fotoları sizlərə təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib