Prezident D230 bloku üzrə sazişi təsdiqlədi
Xəzərin Azərbaycan sektorundakı D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.
“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanun imzalayıb.
Qanuna əsasən, “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib. Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçı tərəflərə verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib. Sazişin əsas mətninə edilmiş on üç Əlavə və SOCAR-ın Ortaq Neft Şirkətinin yaradılmasına dair Qoşma qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib.
Xatırladaq ki, bu il aprelin 26-da Londonda prezident İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri xanım Tereza Meyin iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. 25 illik müddəti əhatə edən hasilatın pay bölgüsü haqqında sazişə əsasən BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. D230 bloku üzrə ilk seysmik tədqiqatın 2019-cu ilin birinci yarısında aparılması planlaşdırılır.
Bundan əvvəl, 2016-cı ilin may ayında BP D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalamışdı.