Dərc edilib: 21-11-2018

https://www.nuh.az/17999-.html

YAP-ın 26 illiyi BSU-da qeyd olunub

21.11.2018 17:48:12

LIVE

YAP-ın 26 illiyi BSU-da qeyd olunub


Noyabrın 21-də Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə universitet rəhbərliyi, professor-müəllim heyəti Ulu Öndərin BSU-nun foyesindəki büstü önünə çiçək dəstələri qoyublar. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva 1990-cı illərin əvvəllərində ölkədə baş verən xaos və qarşıdurmalara toxunub: “Həmin dövrdə  tez-tez baş verən hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmaların dərinləşməsi üzündən ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar.

Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı”.

N.Əliyeva daha sonra Ulu Öndər Heydər Əliyevin qısa müddət ərzində ölkəni ağır siyasi-iqtisadi böhrandan çıxararaq yeni inkişaf yoluna yönəltdiyini qeyd edib. BSU rektoru dahi şəxsiyyət H.Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının ölkədə qarşıdurmalara son qoyduğunu, əmin-amanlığa, sülhə  yol açdığını bildirib. N.Əliyeva Ümmilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni-yeni nailiyyətlərə imza atdığını, Azərbaycanı regionun ən inkişaf etmiş ölkəsinə çevirdiyini vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının xalqımızı daha böyük qələbələrə aparacağına əmin olduğunu bildirib.

Sonra YAP-a yeni üzv olan BSU tələbələrinə N.Əliyeva tərəfindən üzvlük vəsiqələri təqdim olunub.

Pedoqogika – psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova Yeni Azərbaycan Partiyasının nüfuzunun gənclər arasında gündən-günə artdığını, partiya sıralarına hər il minlərlə insanın qoşulduğunu bildirib. O, BSU-da təhsil alan tələbələrin Ulu Öndər ideyalarına sadiq  olduğunu,  Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həmişə hazır olduqlarını vurğulayıb.

Əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva öz çıxışında partiyanın yarandığı dövrdən onun sıralarında təmsil olunduğunu, Ümummilli Lider Heydər Əliyevlə ilk görüşünü xatırlayıb. O, YAP-ın zamanın tələbi ilə yaranmış bir partiya olduğunu vurğulayıb.

Tərbiyə işləri üzrə prorektor , dosent Xanım Sultanova 1990-cı illərin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvandakı ağır-ictimai-iqtisadi vəziyyət barədə söhbət açıb. Ulu Öndərin həmin dövrdə xalqın həyatını yaxşılaşdırmaq üçün gördüyü işləri xatırlayan X.Sultanova insanların ona necə dərin inam və etibar bəslədiyinin şahidi olduğunu deyib.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarova ölkə rəhbərinin düzgün siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını bildirib. O, əvvəllər Azərbaycan adı çəkiləndə təəccüblənən xarici ölkə vətəndaşlarının indi odlar yurdu, onun rəhbəri haqqında hər yerdə sevgi və məhəbbətlə danışdıqlarını deyib.

Tədbirin sonunda çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov yeni Azərbaycanın qurulmasını Yeni Azərbaycan Partiyasının əməli işi kimi dəyərləndirib. O, iqtidar partiyasının sıralarında Azərbaycan xalqının ləyaqətli oğullarının birləşdiyini qeyd edib. Sonda prorektor partiyaya 100 illik yubileyini keçirmək arzusunu dilə gətirib.  

BSU-nun Mətbuat Xidməti

NUH informasiya agentliyi səhifəsindən çap edilib