Dərc edilib: 21-11-2018

https://www.nuh.az/18001-.html

Şair Həsən Orucoğlunun doğum günüdür

21.11.2018 19:26:35

Mədəniyyət

Bu gün gözəl şair, təcrübəli təhsil işçisi, uzun illər Zəngilan rayonunda məktəb direktori işləmiş Həsən Orucoğlunun doğum günüdür. Həsən müəllim həm də Qarabağ müharibəsi veteranıdır.

NUH.az Həsən müəllimə “Dünyaya xoş gəldin”  deyir  və yeni şeirlərini  oxuculara təqdim edir.  

 

Bir yarpaq sevgisi

 

Pəncərəmə qonubdur payızın son yarpağı,

Necə də qucaqlayıb bərk-bərk  şüşə  torpağı.

Bir küləyin əlindən qaçıb bura sığınıb

Yazın yaşıl övladı

Gör necə də sınıxıb ?

Budağından qopsa da

Pəncərəmdir budağı

İşıqları sönsə də olub şüşə çırağı.   

Yerə düşmək istəmir ayaqlansın əzilsin

Yaşamaq istəyir o ömrü niyə üzülsün

Saralsa da, solsa da

Həyat eşqinə bir bax

Pəncərəmdən dünyaya baxıb istər yaşamaq

Qibtə etdim yarpağın gücünə, qüdrətinə

Kaş ki, sevgim dönəydi onun məhəbbətinə

 

Tut ağacı

 

Yol qırağında gördüm

Bu payız tut ağacı

Sanki baxırdı mənə nədənsə acı-acı

Qərib idi deyəsən

Hardan düşüb buraya

Canı da qalmamışdı az qalırdı quruya

Yarpaqları elə hey tökülürdü torpağa...

Qəfil bir külək əsdi divan tutdu yarpağa

Pərən pərən düşdülər  öz kökündən yarpaqlar.

Düşündüm burda yəqin bir hikmətli kəlam var

Qəribə hiss keçirdim taleyimi yaşadım

İçimdə için-için bir ağır yük daşıdım.

Kaş ki bütün ağaclar elə yerdə əkilsin

Töküləndə yarpağı  öz yerinə tökülsün

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib