Dərc edilib: 26-11-2018

https://www.nuh.az/18068-.html

Şərab şüşələrini sındırdığı üçün...

26.11.2018 16:08:09

Mədəniyyət

İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assossasiyasının prezidenti Fərid Mustafayev Xarici İşlər Nazirliyinə Azərbaycanın İspaniyadakı səfiri, BDU-nun işdən çıxarılmış sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovun fəaliyyəti ilə bağlı məktub ünvanlayıb.

 

Bizimyol.info-ya daxil olmuş məktubda deyilir:

“Mən İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının rəhbəri, diaspora fəalı olaraq Azərbaycan ictimaiyyətinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, ölkəmizin təhlükəsizlik orqanlarına müraciət edirəm.

XİN-dən tələb edirəm ki, səfir Anar Məhərrəmovun mənim haqqımda Azərbaycanın xüsusi təhlükəsizlik orqanlarına ünvanladığı şər, böhtan xarakterli məlumatların dayandırılmasını təmin etsin, bundan əvvəl göndərilmiş belə məlumatlar təkzib edilsin! Məni hədələmək və şantaj etmək cəhdlərinə son qoyulsun! Səfirin təmsil etdiyi ölkənin vətəndaşını şərləməsi, ona böhtan atması görünməmiş hadisədir! Mən dövlətimin qarşısında gözü kölgəli deyiləm! Burada ölkəmin təhlükəsizlik orqanlarına müraciət edərək bildirirəm ki, mənə qarşı yazılmış böhtanların hər birinə cavab verməyə, ədalətin bərqərar olması üçün danışmağa hazıram. Həmçinin, səfirin qonaqlarının, qohumlarının, onun sifarişi ilə şərab daşımasını göstərən videogörüntülərin də Madriddəki hava limanından əldə olunmasında dəstək ola bilərəm.

Bilirəm ki, bizim çoxdan məlumatlı olduğumuz, dəfələrlə Bakıya, rəsmi orqanlara yazılı müraciət etdiyimiz problemlər haqqında artıq siz də bilirsiz. İspaniyadakı səfirliyimizin yarıtmaz fəaliyyəti haqqında artıq hamı bilir.

Ölkə başçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin də bu barədə bilən kimi, dərhal sərt tədbirlərə əl atması bizi, İspaniyada yaşayan azərbaycanlıları, diaspora fəallarını sevindirir və ümidləndirir. Biz, nəhayət, vətənimiz Azərbaycanın İspaniyada layiq olduğu yüksək səviyyədə təmsil olunacağına ümidlənirik.

Biz ölkəmizi və dövlət başçımızın apardığı siyasəti daim dəstəkləmişik və təbliğ etmişik. Bizim səfir Anar Məhərrəmovla heç bir şəxsi ədavətimiz yoxdur. Amma haqsızlığa da göz yummamışıq. Çünki burdakı yarıtmaz fəaliyyət ölkəmizin imicinə ziyan vurur. Səfir Anar Məhərrəmovun ziyanlı fəaliyyətinin qarşısı alınmalıdır.

Bunu daha əvvəldən etmək olardı. XİN nə üçün bu günə qədər olanları ört-basdır edib? Səfirliyin 2 sürücüsü, ötən 2 il ərzində, Anar Məhərrəmovun şərab şüşələrini daşıyarkən ehtiyyatsızlıqdan onları sındırdıqları üçün işdən qovulub Bakıya göndərilib.

Eyni dövrdə səfirliyin daha 4 əməkdaşı töhmətlə işdən qovulub. Niyə? Çünki onlar şəxsi yükləri adı ilə səfirə məxsus şərabı Bakıya aparmaqdan imtina ediblər.Bunlar axı XİN-də heç kimə sirr deyil! Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) İspaniyadakı xüsusi müxbiri olan xanım da səfir Anar Məhərrəmov və onun atası, sabiq rektor Abel Məhərrəmovun təzyiqləri nəticəsində bu ölkədən göndərilib.

Onu azyaşlı övladları ilə təhdid edəcək qədər vicdansızlıq edilib. Şəxsən mənim özümdən DTX-ya şikayət edərək təxribatçı kimi qələmə verən Anar Məhərrəmov daha sonra mənə absurd bir sənədə imza atdırmağa çalışıb. O sənəd hələ də məndədir.

Mən azərbaycanlıyam, ölkəmin maraqları və Cənab Prezidentin diaspora qarşısında qoyduğu vəzifə və tapşırıqlar mənim üçün qanundur. Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizin adına layiq davranmalıyıq. Diplomatların isə bu birbaşa vəzifə borcudur.

Mənə atama görə yox, öz fəaliyyətimə görə hörmət edirlər. Biz qədimdən görmüşük atalar oğullarını vətənə qurban verər, vətəni oğluna qurban verməzlər!”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib