Dərc edilib: 11-12-2018

https://www.nuh.az/18274-.html

Qubada məktəbdə güclü yanğın - İcra başçısı hadisə yerinə gəldi

11.12.2018 07:52:41

Region

Qubanın Amsarqışlaq kənd orta məktəb binasında yanğın baş verib.

“Qafqazinfo”nun Şimal bürosunun xəbərinə görə, saat 16:50-də başlayan yanğın nəticəsində 480 kv-m sahəsi olan məktəb binasının 100 kv-m hissəsinin dam örtüyü yanıb.

Yanğın zamanı məktəbdə dərs prosesi olsa da, dərhal şagirdlər binadan çıxarılıb və xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Əraziyə Quba Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Təhsil Şöbəsinin müdürü Rüfət Hacıyev, Elektrik Şəbəkəsinin rəisi Taleh Səfərov, Polis Şöbəsinin rəisi Süleyman Nemətov və Post Patrul Xidmətinin əməkdaşları gəlib.

Kənd camaatı da yanğını söndürməyə cəlb edilib.

Hazırda yanğın söndürülmək üzrədir.

***

Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. İlkin ehtimal olaraq yanğına səbəb kimi elektrik xətlərində baş verən qısaqapanma göstərilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, məktəbdə baş verən ikinci yanğın hadisəsidir. Bir neçə il öncə də məhz elektrik xətlərində yaranan problem səbəbindən təhsil müəssisəsində analoji hadisə baş verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib